Fizioloji olaraq öskürək yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində orqanizmin verdiyi qoruyucu cavab reaksiyasıdır.
Öskürək çox sadə sayılan soyuqdəymə, zökəmin, eyni zamanda xərçəng kimi ağır patoloji proseslərin əlaməti kimi də ortaya çıxır.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva öskürəyi yaradan səbəblər haqqında danışıb.
O bildirib ki, öskürək haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərəm, pnevmoniya, bronxial astma və s. problemlərin nəticəsində yaranır: “Bundan başqa, mədə-bağırsaq sisteminin patologiyaları, daha çox reflüks zamanı, eləcə də ürək-qan damar sisteminin patologiyalarında öskürək yarana bilər. Yuxarı tənəffüs yollarının infeksiyaları ilə bağlı olan öskürək normal halda bir neçə gün, bir həftə, uzaqbaşı iki həftə ərzində keçib getməlidir. Öskürək bu müddət ərzində keçib getmirsə, deməli, bunun səbəbi var və bu hal daha ağır fəsadlara səbəb ola bilər. Öskürək müalicəyə tabe olmursa, bu, həyəcan siqnalıdır. Bu halda mütləq mütəxəssis müayinəsindən keçmək vacibdir”.
K.Ağayeva onu da vurğulayıb ki, öskürək nevroloji, psixoloji problemlərin də əlaməti ola bilər: “Stress, psixoemosional gərginlik öskürəyə səbəb olur. Öskürək bəzən ağrılarla müşahidə olunur. Döş sümüyündə, boyunda ağrı ola bilər. Bunun səbəbini araşdırmaq lazımdır. Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, sayrışan öskürək baş verir”.
Siqaret çəkənlərin səhərlər yaranan bəlğəmli öskürəyi adi bir hal kimi dəyərləndirmələri çox təhlükəli haldır: “Bu hal ağırlaşaraq tənəffüs çatışmazlığına, hətta ürək və ağciyər çatışmazlığına qədər inkişaf edir. Bu hal gələcəkdə hətta ağciyər xərçənginə səbəb ola bilər”.