Məlum olduğu kimi, tələbələrin ən əsas ehtiyaclarından biri yataqxana ilə bağlıdır. Bu baxımdan, Azərbaycan Tibb Universitetində problem yoxdur. Belə ki, universitetin yataqxanaya ehtiyacı olan tələbələrinin hamısı yerləşdirilib.
ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov bildirir ki, universitetin 6 yataqxanası var. ATU-nun 4 saylı yataqxanasında qaçqın və məcburi köçkünlər məskunlaşıb. Digər 5yataqxananın ikisi qızlar, ikisi oğlanlar, biri isə xarici tələbələr üçün nəzərdə tutulub:
“Hazırda yataqxanalarda 984 tələbə yaşayır. Yeni tədris ilində yataqxanada 1200 nəfəri yerləşdirmək imkanı var. Bununla da ATU demək olar ki, bütün tələbələrini yataqxana ilə təmin edə bilən yeganə ali müəssisədir. Qeyd edək ki, ATU-nun yataqxanalarında tələbələr üçün istirahət guşələri, oxu zalları, məişət otağı, 4 kabinəli hamam və wi-fi sistemi quraşdırılıb”.
ATU yataqxanalarının müsbət cəhəti onların tədris binalarına bitişik və tam təmirli olmasıdır. Buna görə də tələbələr yataqxanadan dərsə getməyə cəmi 4-5 dəqiqə vaxt sərf edirlər.
C.Qasımovun sözlərinə görə, avqust ayının 1-dən yataqxanalarda tələbələrin yerləşməsi prosesinə start verilib: “Azərbaycan vətəndaşlarının yataqxana ilə təminatı 100 faiz yerinə yetirilib. Bu günə qədər 102 nəfər I kurs rələbəmiz, 49 nəfər isə yuxarı kurs tələbələri yataqxanalarla təmin olunub. Xarici tələbələrin qeydiyyat prosesi isə hələ davam edir. Bu günə olan məlumata görə, 53 nəfər xarici tələbə yataqxana üçün qeydiyyatdan keçib. Belə deyək ki, bizim yataqxanada yer istəyib yersiz qalan tələbəmiz yoxdur”.
Yataqxanaya qeydiyat müqavilə vasitəsilə aparılır. Hər tələbə üçün bir ilik müqavilə hazırlanır. Müqavilənin şərtlərində yataqxananın nizam-intizamının qorunması, təmizliyə riayət məsələləri yer alıb. Təbii, müqavilədə həm ATU-nun, həm də tələbənin üzərinə düşən öhdəliklər qeyd olunub.
Cahangir Qasımov bildirir ki, ATU yataqxanalarında daha bir yenilik var. Belə ki, bu tədris ilindən etibarən digər universitet tələbələri də ATU yataqxanalarında yerləşə bilər: “Çünki biz biz Azərbaycan vətəndaşı olan tələbələrimizə 100 faizlik yer verdikdən sonra əlavə yerlərimiz qalırdı. Buna görə universitet rəhbərliyi ilə müzakirələrdən sonra qərara alınıb ki, bizə müraciət edən rezidentlərimizi yataqxana ilə təmin edək”.
Yataqxanada qalmaq hər bir tələbənin büdcəsinə uyğundur. Belə ki, yataqxanada qalmaq üçün aylıq 50 AZN ödəniş tələb olunur. Qeyd edək ki, qiymət otaqlarda qalanların sayına görə dəyişir.