Belarusun səhiyyə naziri ATU-nun qonağı olub
Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Belarus Respublikasının səhiyyə naziri Valeriy Malaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Belarus arasında tibb təhsili sahəsində münasibətlərin inkişafı, hər iki tərəfin ali məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsinə dair müzakirələr aparılıb. Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ölkədə yeganə tibb təhsili ocağı olan bu universitetin əldə edilən uğurları barədə qonağa məlumat verib. ATU-da 6 illik baza təhsil sisteminin mövcud olduğunu qeyd edən rektor, burada əsas məqsədin tələbələrin daha rahat şəraitdə təhsilinə nail olmaqdan ibarət olduğunu deyib: “Universitetin tədris sistemində islahatlar aparılır. Əsasən tələbələrin istəklərini nəzərə alırıq. Məhz onların təklifləri əsasında bəzi kliniki fənlərin saatını artırmışıq”.
Rektor G.Gəraybəyli ATU-nun nəzdində fəaliyyət göstərən Stomatoloji, Onkoloji, Tədris-terapevtik və Tədris-cərrahiyyə klinikalarının işi haqqında da məlumatı qonağın dqqətinə çatdırdı. Bildirildi ki, klinikalarımızda dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıqlar quraşdırılıb. Bu cihazların köməyi ilə müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirmək mümkündür.
Belarus Respublikasının səhiyyə naziri Valeri Malaşko Azərbaycanın Səhiyyə Nazirliyi ilə sıx əlaqələrin olduğunu bildirdi: “Nazirlər səviyyəsində yaxın münasibətlər mövcuddur. İnanıram ki, birgə atılacaq addımlar yalnız fəaliyyətimizdə müsbətə doğru dəyişiklikləri gətirib çıxaracaq”.
Nazir V.Malaşko bildirdi ki, Belarus Respublikasında dörd tibb təhsili verən universitet fəaliyyət göstərir. Bunlardan ən böyüyü paytaxt Minskdə yerləşən Belarus Dövlət Tibb Universitetidir. Digər ali məktəblər Qomel, Qrodno və Vitebskdə fəaliyyət göstərir. Tibb universitetlərinin hər birində tələblərin yüksək səviyyəli kadr kimi yetişməsi üçün hər cür şərait yaradılıb.
Görüşdə o da qeyd olundu ki, Azərbaycan Tibb Universiteti xarici tələbələrinin sayına görə ölkədə ilk yeri tutur. Hazırda 26 ölkədən 1500-ə yaxın xarici tələbə ATU-da müxtəlif pillələrdə tibb, əczaçılıq, stomatologiya ixtisasları üzrə təhsil alırlar.
Bundan sonra iki ölkənin tibb universitetləri arasında əməkdaşlığın yaradılması, ikitərəfli sazişlərin hazırlanması, kadr hazırlığı məsələləri, o cümlədən həkim, tələbə, rezident mübadiləsi, müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı birgə fəaliyyətin icra olunması haqqında fikir mübadiləsi aparıldı.