Dəri-zöhrəvi xəstəliklər kafedrası 1919-cu ildə yaradılmış Azərbaycan Dövlət Universitetinin (ADU) Tibb fakültəsində ilk kafedralar sırasında 1921-ci ildə təşkil edilmişdir. 1930-cu ildə ADU-nun tibb fakültəsi əsasında Azərbaycan Tibb İnstitutu (ATU) yaradılmışdır. Burada azərbaycan və rus dillərində paralel tədris aparılan iki dəri-zöhrəvi xəstəliklər kafedrası təşkil olunmuşdur, hansı ki, 1969-cu ildə vahid kafedraya birləşdirilmişdir. 1987-ci ildə dəri-zöhrəvi xəstəliklər kafedrası Dermatovenerologiya kafedrası adlandırıldı.
Dəri-zöhrəvi xəstəliklər kafedrasının ilk müdiri Moskva Dövlət Universitetinin professoru M.A.Çlenov (1922 - 1930) olmuşdur. 1930-1938-ci illərdə Dəri-zöhrəvi xəstəliklər kafedrasına eyni zamanda tədrisi azərbaycan dilində aparılan kafedraya ə.e.x., professor İ.M.İsmailzadə və tədrisi rus dilində aparılan kafedraya professor M.K.Sultanov rəhbərlik edirdi. 1938-1964-cü illərdə tədrisi Azərbaycan dilində olan dəri-zöhrəvi xəstəliklər kafedrasına professor A.C.Cəfərov, tədrisi rus dilində aparılan dəri-zöhrəvi xəstəliklər kafedrasına, həm də ATİ-nin rektoru olmuş (1946-1964), ə.e.x., professor B.A.Eyvazov rəhbərlik edirdilər. Sonrakı illərdə dəri-zöhrəvi xəstəliklər/dermatovenerologiya kafedrasının müdirləri – t.e.d., professor R.Q. Hacıyev (1964-1991), ə.e.x., t.e.d., professor M.M.Davatdarova (1991-2008), ə.e.x., t.e.d., professor Z.H.Fərəcov (2008-2017) olmuşdur, 2017-ci ildən hazırkı dövrə kimi kafedraya t.ü.e.d., professor F.R.Mahmudov rəhbərlik edir.
Dermatovenerologiya kafedrasında pedaqoji işə, tədris-metodik prosesin təkmilləşdirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə, ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasına böyük diqqət yetirilir.
Dermatovenerologiya kafedrasının yerləşdiyi 3 bazada (Respublika Dəri-Zöhrəvi Mərkəz, 3№-li Uşaq Dəri Zöhrəvi Dispanseri və “Paramed” QSC Lazer dermatologiyası klinikası) dərslər müalicə-profilaktika, stomatologiya, hərbi tibb fakültələrinin və ictimai səhiyyə fakültələrinin tələbələrinə azərbaycan, ingilis və rus dillərində keçirilir; Azərbaycan Respublikasından və xarici ölkələrdən (Türkiyə, İran, Pakistan, İordaniya və s.) rezidentlər təhsil alır; respublikanın və xarici ölkələrin (Türkiyə, İran, Pakistan, İordaniya və s.) tibb müəssisələrinin həkimləri təcrübə keçir.
Kafedranın elmi fəaliyyəti plan üzrə nəzərdə tutulmuş mövzulara uyğun həyata keçirilir. Kafedranın əməkdaşları dəri xəstəliklərinin (infeksion, xroniki, allergik, nadir dermatozlar, limfoproliferativ xəstəliklər) və CYYİ-ın (xlamidiya, qonokokk, herpetik infeksiyalar, sifilis və s.) müxtəlif problemlərini əhatə edən elmi-tədqiqat işlərinə cəlb olunurlar. Aparılan tədqiqatların nəticələri dissertasiyalarda, jurnal məqalələrində, tezislərdə, monoqrafiyalarda, metodik tövsiyələrdə öz əksini tapmışdır. Kafedra təşkil edildiyi vaxtdan (1922) indiyədək əməkdaşlar tərəfindən 10 doktorluq və 35 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda (2022) Dermatovenerologiya kafedrasında 4 t.ü.e.d. və 4 t.ü.f.d. alimlik dərəcəsinə iddia dissertasiyası yerinə yetirilir. Kafedrada son 3 ildə (2019-2021) 3 dərs vəsaiti – “Dəri və zöhrəvi xəstəliklər” (2020 il), “Venerologiya” (2020 il), “Venereology” (2021 il) çapdan çıxmış və 3 dərslik nəşrə hazırlanmışdır: “Dermatologiya”, “Дерматовенерология”, “Dermatology”; 35 jurnal məqaləsi (respublika jurnallarında 32 məqalə, xarici jurnallarda 3 məqalə), 18 tezis, 1 metodik tövsiyə dərc olunmuşdur.
Hazırda kafedrada 21 əməkdaş çalışır. Bunlardan -
3 professor - 1-i tibb üzrə elmlər doktoru, professor; 2-si tibb elmləri doktoru, professor;
4 dosent – hər 4-ü tibb üzrə fəlsəfə doktoru;
6 assistent - 4-ü t.ü.f.d.;
6 baş laborant – 3-ü t.ü.f.d. elmi dərəcəsinə iddiaçı, 1-ri müdafiə edib
yardımçı heyət -2 laborant.