Bu yaxınlarda Kanadanın Viktoriya şəhərində (British Columbia ştatı) Amerika Tiroidologiya Assosasiyasının növbəti toplantısı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının əməkdaşı Lalə Ağabəyli bu il keçirilən toplantıda ölkəmizi təmsil edib. ATU-nun nümayəndəsi bu mötəbər toplanrıda poster məruzəsi ilə çıxış edib.
Lalə Ağabəyli hələ 2013-cü ildən "Qalxanabənzər vəzin ocaqlı törəmələrinin kompleks şüa diaqnostikası" mövzusunda elmi iş üzərində çalışır. Bu iş çərçivəsində əldə etdiyi nəticələrlə bağlı yerli və xarici elmi tibbi jurnallarda (Belarusiya, Qazaxıstan) məqalələri çap olunub. Tiroidologiya sahəsində müayinə və müalicə standartlarını təyinində ən nüfuzlu təşkilat olan Amerika Tiroidologiya Assosasiyası tərəfindən əməkdaşımızın apardığı tədqiqat çərçəivəsində elastoqrafiya və Doppler sonoqrafiya müayinəsinin nəticələri ilə bağlı tezisi qəbul edilib. Və nəticədə L.Ağabəyli illik 87-ci konfransında poster məruzəçisi kimi çıxış etməyə dəvət alıb.
Lalə Ağabəyli konfrans çərçivəsində poster sessiyasında "Qalxanabənzər vəzin bədxassəli törəmələrinin aşkar edilməsində ultrasəs elastoqrafiyasi və rəngli doppler müayinələrinin rolu" mövzusunda ("Diagnostic value of ultrasound elastography and color doppler in the detection of malignant tumors of the thyroid gland" 2825918 identifikasiya nömrəsi) məruzə ilə çıxış edib: “Məruzə zamanı sual-cavab formasında müzakirə də aparıldı. Diskussiya zamanı Ben Gurion University of the Negev (İsrail), Uneversite of Monreal (Kanada), Uneversity of Campania Luigi Vantivelli (İtaliya), Uneversity of Texas (ABŞ) və başqa universitetlərin əməkdaşları tərəfindən müxtəlif səpgilərdə suallar səsləndi. Bunlar arasında Elastoqrafiya və Doppler ultrasonoqrafiya müayinələrinin əhəmiyyəti, aparılma texnikası, diaqnozun verifikasıyasına dair suallar vardı. Suallara konkret olaraq əldə etdiyimiz kliniki material - elastoqrafiya və Doppler ultrasonoqrafiya müayinəsinin nəticələri, statistik hesablamalarda istifadə olunmuş korrelyasyon, reqressyon analizlər əsasında əldə olunmuş rəqəmlərin təhlili əsasında cavab vermişəm”.
ATU nümayəndəsi konqres çərçivəsində müxtəlif plenar mühazirələrdə, simpoziumlarda, diskussion debatlarda və müxtəlif professorlarla görüşlərdə iştirak edib. Həmçinin pediatrik tiroidologiya, boyun ultrasonoqrafiyası, tiroidologiyada qadınlar çərçivəsində müxtəlif seminarlara qatılıb. Sonda Lalə Ağabəyliyə sertifikatlar təqdim olunub. Sertifikatlardan ümumi 31 CME kredit(Continuing Medical Education –Davam edənTibbi Təhsil) toplayıb. L.Ağabəyli bu mötəbər toplantıda ATU-nu təmsil etməsi üçün yaradılan imkan və şəraitə görə universitet və kafedra rəhbərliyinə təşəkkürünü bildirir.
Qeyd edək ki, 1927-ci ildən fəaliyyət göstərən Amerika Tiroidologiya Assosasiyası tiroidologiya sahəsində standartların müəyyən edilməsində böyük nüfuz sahibidir. Mütamadi olaraq hər il keçirilən konfranslarda bütün dünyadan olan tədqiqatçılar iştirak edir. Bu toplantılarda qalxanabənzər vəzin müxtəlif xəstəliklərinin müayinə və müalicə protokolları konsensus yolu ilə qəbul olunur və bütün tiroidoloqlar üçün bu protokollar rəhbər kimi qəbul olunur. Bu toplantılarda iştirak etmək tiroidologiya sahəsində hərtərəfli yeni məlumatlar əldə etməyə və bütün dünyadan olan tədqiqatların nəticələrini tiroidoloqlarla bölüşməyə imkan yaradır.