Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) üzvləri 4 saylı tədris binasında reyd keçirib.
Şuranın sədri, millət vəkili, həkim qastroentroloq İlham Məmmədov və üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Asan” radionun direktoru Emin Musəvi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva reyddə iştirak edib.
Reyd öncəsi şura üzvü Aidə Bəndəliyeva bildirib ki, əsas məqsəd tələbələrlə görüşmək, onların fikirlərini, rəylərini, şikayətlərini və təkliflərini öyrənməkdir. Bütün tədris korpuslarında həm tələbələrin, həm də əməkdaşların şikayət və təkliflərini araşdırmaq üçün üzərində qaynar xətt nömrələri yazılan qutular quraşdırılıb: “Komissiyaya edilmiş şikayətlərə baxılır və araşdırılır. Hazırda keçirdiyimiz reydin də məqsədi şikayətləri yerində araşdırmaqdır. Bilmək istəyirik ki, tədris necə gedir, müəllimlər hansı formada iş aparır. Çünki bəzi müəllimlər hələ də saralmış kağızlardan istifadə edir, müasir texnologiyanın imkanlarından kifayət qədər yararlanmırlar”.
Vətəndaş cəmiyyətini təmsil edən ictimai nəzarət şurasının üzvləri auditoriyalara daxil olaraq dərsin keyfiyyəti ilə maraqlanıblar. Təhsildə mövcud olan problemlərlin aradan qaldırılmasını prioritet məsələ kimi diqqət mərkəzində saxlayan ictimai nəzarət şurasının üzvləri ilk növbədə kafedra rəhbərliyinin və müəllimlərin iştirakı olmadan tələbələrin rəylərini dinləməyə üstünlük veriblər. Onlar biofiziki və bioüzvi kimya, farmakologiya, tibbi fizika və informatika, bioloji kimya, operativ cərrahlıq və topoqrafik anatomiya kafedralarında əvvəlcədən nəzərdə tutulmayan mühazirə zallarına, seminar və praktiki məşğələ otaqlarına girərək tədris prosesini izləyiblər, tələbələrlə açıq diskussiya aparıblar. Tələbələr qarşılaşdıqları məsələlərlə bağlı fikirlərini bildiriblər.
Reyd zamanı tələbə bufetlərinə və yeməkxanalarına da baxış keçirilib, bu xidmət sahəsindən istifadə edənlərin fikirləri öyrənilib.
Bundan sonra da bütün tədris binalarında və yataqxanalarda heç bir xəbərdarlıq edilmədən bu cür reydlərin keçirilməsi gözlənilir.