Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən vaxtaşırı rezident və gənc həkimlər üçün internet-onlayn kurslar təşkil olunur. Belə bir kurs Cərrahiyyə Klinikasında dekabrın 14-də baş tutub. İstanbul Universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin rəhbərliyi və ATU-nun Ümumi Cərrahiyyə və I Cərrahiyyə Xəstəlikləri kafedralarının rəhbərliyinin vasitəçiliyi ilə baş tutan kurs iki gün davam edib. Çoxsaylı gənc Azərbaycan həkimləri internet-onlayn vasitəsi ilə Türkiyənin tanınmış tibb alimlərinin mühazirələrini dinləyib, onları maraqlandıran suallara ətraflı cavab alıblar.
Ümumi Cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev bildirib ki, Beynəlxalq Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti həm Türkiyədə, həm də Avropada nüfuz qazanmış cəmiyyətlərdən hesab olunur. Həmin cəmiyyətin rəhbərləri mənə, professor Nuru Bayramova, dosent Muşfiq Həsənova yaxın və dost münasibətində olan insanlardır. Cəmiyyətə rəhbərlik edən Cavid Avçıdan rezidentlərimiz və gənc həkimlərimiz üçün belə bir kursun təşkil olunmasını xahiş etdik. Gördüyünüz kimi, həkimlərimiz bu kursda fəal iştirak edirlər və onlara sertifikatlar veriləcək. Gələn ilin yanvarında endoskopik-laparoskopik, yoğun və nazik bağırsaq əməliyatları ilə bağlı bir kursun keçirilməsini də planlaşdırırıq. Düşünürük ki, elə həmin kurs da canlı bağlantı şəklində olsun.”
I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Byramov da onlayn kursların təşkilinin yaxşı bir ənənə olduğunu bildirib. Qeyd edib ki, artıq neçə illərdir universitetimiz ilə xarici universitetlər arasında bir neçə belə onlayn kurslar və konfranslar keçirilib: ”Bu da onlardan növbəti biridir. Bunun təşkilinə universitetimizin Ümumi Cərrahlıq kafedrası öndərlik edir. Maddi baxımdan sərfəli olan onlayn kursların gələcəkdə də təşkilini nəzərdə tuturuq.”
Qeyd edək ki, sual-cavab əsasında təşkil olunan bu kurs gənc həkimlər tərəfində maraqla qarşılandı və onlar maraqlandıqları suallara ətraflı cavab ala bildilər.