Azərbaycan Tibb Universitetində II müalicə-profilaktika fakültəsinin IV kurs, 260-cı qrup tələbəsi Oktay Hüseynovun təşəbbüsü ilə Amerika Ürək Assosiasiyasının proqramı əsasında lisenziyalaşdırılmış təlim kursuna başlanılıb.
Beynəlxalq İlk Yardım Standartları”na uyğun “İlk yardımın əsasları” təlimində peşəkar tibbi yardımdan öncəki ilkin yardımın necə göstərilməsi öyrədilir. Hələlik kursa yalnız rus sektorunun tələbələri cəlb olunub, Azərbaycan sektorunun tələbələri üçün isə proqram hazırlanır.
Artıq təlimdə ilk mərhələni başa vuran tələbələrin ilkin yardımı hansı səviyyədə mənimsədiklərini yoxlamaq məqsədilə test imtahanı keçirilib. Bundan sonra həmin tələbələr Tədris Cərrahiyyə Klinikasında manekenlər üzərində praktikii bacarıqlarını nümayiş etdiriblər.
Oktay Hüseynov bu təlimlər zamanı tələbələrə ürək masajı ritmini öyrətmək üçün Azərbaycanda ilk dəfə olaraq mahnı üsulundan (Bee gees Stayin alive) istifadə etdiyini deyir. Onun sözlərinə görə, bu metoddan Amerikada ilk dəfə David Matlock istifadə edib.
Xatırladaq ki, respublikamızda nəzəriyyə və təcrübəni əhatə edən, Azərbaycan, ingilis və rus dillərində keçirilən treninqlər zamanı müasir avadanlıqdan və dünyada tanınan “Laerdal” şirkətinin xüsusi tədris manekenlərindən istifadə edilir. Manekenlər süni ağciyər, ürək-damar sistemləri və digər xüsusi cihazlarla təchiz olunub.
Məşğələlərin sonunda praktiki və test imtahanları keçirilir, onların nəticəsindən asılı olaraq treninqi bitirənlərə sertifikatı verilir.