Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şöbələrin 2017-ci ilə həsr olunmuş illik hesabatı dinlənilib.
İclasda çıxış edən direktorun müavini Adil Nuriyev şöbələrin hesabat xarakterli iclaslarının keçirilməsinin vacib xarakter daşıdığını bildirib.
Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev bu şöbənin 2017-ci il üzrə illik hesabatını şura üzvlərinin diqqətinə çatdırıb.
Professor S.Musayev şöbədə müalicə alan xəstələr, xəstələrə qoyulan diaqnozların düzgün nəticələrə əsaslandığını bildirib və qeyd edib ki, həkimlərin və tibb personalının yüksək xidməti sayəsində şöbəyə və eləcə də klinikaya gələn xəstələrin sayında artım müşahidə edilir.
Daha sonra moderatorluğu professor Sahib Musayevə məxsus sistem sklerozda ağciyərin interstisial dəyişiklikləri barədə həkim-rezident Günel Əsgərova məlumat verib.
O bildirib ki, bu xəstəlik dəri və daxili orqanların fibrozu ilə xarakterizə olunan, birləşdirici toxumanın səbəbi bilinməyən sistem xəstəliklərinə aiddir.
Şöbədə bu xəstəlikdən əziyyən çəkən 53 yaşlı qadınla bağlı danışan, həkim-rezident xəstənin əsas şikayətlərinin hər iki əllərdə göyərmə, ağarma, üz dərisində hiperemik səpkilər, təngnəfəslik, ümumi halsızlıq və s. olduğunu söyləyib.
“Bir çox yerlərdə müəyyən müayinə və müalicələr almasına baxmayaraq, xəstənin vəziyyəti yaxşılaşmayıb. Xəstə klinikaya gətirilən zaman artıq onun üz nayihəsində və əllərində hiss ediləcək dərəcədə dəyişikliklər var idi. Xəstə ilk baxışdan sonra KT və kardioloji müayinəyə göndərildi. KT artıq burada ağciyər dəyişikliklərinin olduğunu təsdiqlədi və bundan sonra müalicələrə başlanıldı”.
İclasın davamında Reanimasiya və intensiv terapiya şöbəsinin 2017-ci il üzrə hesabatı haqqında həmin şöbənin reanimatoloqu, dosent Əliyar Sultanov məlumat verib.
Ə.Sultanov ümumilikdə şöbənin iş fəaliyyəti və görülən işlər barəsində danışıb və qeyd edib ki, şöbə müasir standartlara cavab verən aparat və cihazlarla təmin edilib. Bu da görülən işlərin keyfiyyətinin yülsəldilməsi baxımından önəmli xarakter daşıyır.