Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halını aldığını deyib. Bildirib ki, məqsəd dövlətin qurumlar qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək üçün daha mütəşəkkil fəaliyyət göstərməkdir. A. Əlizadə Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən söz açıb. O, uzun ömür yaşayan insanların sayının artdığını da qeyd edib. Əlavə edib ki, ölkədə uzunömürlülüyün öyrənilməsi ilə bağlı AMEA və Səhiyyə Nazirliyinin birgə laboratoriyası yaradıla bilər.
Elmi sessiyada AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov "Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri" mövzusunda çıxış edib. O, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında elmi fəaliyyətin əsas istiqamətləri haqqında məlumat verib. Periferik sinirlərin mikroskopik səviyyədə tədqiqi, Naftalan neftinin və digər mənbələrin klinik-eksperimental tədqiqi, eləcə də bir sıra xəstəliklərin öyrənilməsi istiqamətində əldə olunan uğurlardan danışıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli "Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri" mövzusunda çıxış edib. Rektor bildirib ki, ATU-da aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılması, elmin informasiya təminatının gücləndirilməsi, qrant maliyyələşdirilməsinin inkişafı, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlər davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ATU-nun uşaq xəstəlikləri kafedralarında az çəkili yenidoğulanlarda perinatal patologiyaların erkən diaqnostikası və müalicə üsullarının təkmilləşdirilməsi üzrə elmi tədqiqat işi aparılır. G. Gəraybəyli bildirib ki, Azərbaycanda uşaqlar arasında şəkərli diabet tez-tez aşkarlanır. Azərbaycan Tibb Universitetində bu istiqamətdə tədqiqat işləri aparılır. Şəkərli diabet olan uşaqlarda molekulyar genetik müayinələr aparmaqla diabetə meylli ailələr aşkarlanıb. Rektor Azərbaycanda uşaqlar arasında böyrək patologiyalarının da xüsusi yer tutduğunu vurğulayıb: “Uşaqlarda nefrotik sindromun molekulyar-genetik mexanizmlərinin araşdırılması NPHS1(podosin) və NPHS2(nefrin) genlərində mutasiyaların olduğunu müəyyən edib. Bu da gələcəkdə düzgün müalicə taktikasının secilməsinə imkan yaradır və xroniki böyrək çatışmamazlığının qarşısını alır”.
G. Gəraybəyli də qeyd edib ki, ATU tərəfindən “Sağlam Təhsil – Sağlam Millət” pilot layihəsi çərçivəsində Bakı və Sumqayıt məktəblərində şagirdlərin sağlamlıq vəziyyəti qiymətləndirilib və burada “Sağlam Təhsil” sinifləri yaradılıb: “Universitetin əməkdaşları tərəfindən tibbi-gigiyenik məsləhət xidməti və ekspertiza aparılıb. 2017-ci ildə görülən işlərin nəticələrinə həsr edilmiş Səhiyyə və Təhsil Nazirlikləri, Milli Məclisin deputatları, beynəlxalq ekspertlərin iştirakı ilə “Sağlam Təhsil – Sağlam Millət: görülən işlər, nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib”.
ATU rektoru bildirib ki, preeklampasiya və anemiyası olan qadınlardan doğulan az çəkili körpələrdə spesifik markerlərin tətbiqi nəticəsində yenidoğulmuş körpənin urək-damar, mərkəzi sinir sistemi, böyrək zədələnmələri və mədə-bağırsaq traktının anadangəlmə inkişaf qüsurları erkən prenatal diaqnostik meyarlar kimi müəyyən edilib: “Bununla yanaşı, elmi tədqiqat işlərində allerqoloji xəstələrdə yeni molekulyar diaqnostika üsulundan istifadə olunur. Bu diaqnostika metodu səbəbkar allergenin tapılması, düzgün müalicənin və profilaktikanın aparılmasına köməklik göstərir. Allergik xəstəliklərin diaqnostikasında, həmçinin, eozinofil kation proteinin tədqiqatının aparılması bronxial astmanın markeri kimi istifadə oluna bilər. Uşaqlarda bronxial astmanın müxtəlif fenotiplərinin aşkarlanması müalicəyə fərdi yanaşmaq üçün şərait yaradır”.
Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyənin inkişafında elmi tədqiqatların rolu, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən yüksək tibbi xidmətləri, peşəkar kadrların fəaliyyəti, müasir avadanlıq və cihazlarla təchiz edilmiş xəstəxana, tibb ocaqlarının istifadəyə verilməsi və həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verib.
AMEA-nın müxbir üzvü Nuru Bayramovun "Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada əhəmiyyəti", Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun "Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu", AMEA Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın "Azərbaycanda uzunömürlülük fenomeni: tibbi-bioloji və demoqrafik aspektləri", Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun "Azərbaycanda qeyri-infeksion xəstəliklərin tibbi-sosial və iqtisadi aspektləri", akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun "Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti" mövzularında məruzələri dinlənilib.
Çıxışlar ətrafında geniş müzakirələrdən sonra elmi sessiya qərar qəbul edib.