Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum Azərbaycan əhalisinin maarifləndirilməsi, tibbi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin və sağlam həyat tərzinin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi və müştərək layihələrin icra edilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur. Həmçinin məqsəd gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verməkdir.
Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov anlaşma memorandumunun əhəmiyyətindən danışdı. O bildirdi ki, Bilik Fondu bir sıra elmi proqramlar, səhiyyə sahəsinə aid layihələr həyata keçirir: “Məsələn, sağlam həyat tərzinin təbliği, insan sağlamlığının qorunması kimi problemlərə toxunuruq. Bura əsasən infeksion xəstəliklər, gigiyena məsələləri daxildir. İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə də sıx əməkdaşlıq edirik. Bizim ölkənin 9 bölgəsində “Bilik evləri”miz fəaliyyət göstərir, 76 rayonda nümayəndəmiz var. “Bilik evləri”mizə məktublar daxil olur. Bu məktublar əsasında da, əhalinin ehtiyacı olduğu mövzularda maarifləndirici tədbirlər təşkil edirik”.
O. Səmədovun sözlərinə görə, ATU ilə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Biz əhalinin sağlamlığı naminə bir sıra tədbirlər keçirəcəyik. Tibb Universitetinin savadlı mütəxəssisləri də gəlib, mühazirə ilə çıxış edərək, insanları maarifləndirəcəklər. Yəni, auditoriya bizdən, mütəxəssis sizdən olacaq. Bundan başqa, Bilik Fondu nəzdində gənclər klubları fəaliyyət göstərir. ATU tələbələrini bu klublara cəlb edə bilərik”.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli belə maarifləndirici tədbirlərin təşkilinin önəmli olduğunu dedi. Rektorun sözlərinə görə, bu cür aktivitlər əhali üçün çox faydalıdır: “Çünki bəzən insanlar xəstəliklərindən o qədər gec xəbər tuturlar ki, artıq müalicənin də xeyri olmur. Bizim universitetdə tibbin bütün sahələri üzrə bir çox savadlı kadrlar var. Təbii ki, həm universitet rəhbərliyi, həm də həkimlər maarifləndirici layihələrdə yer almağa həmişə hazırıq”.
ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun sözlərinə görə, maarifləndirici tədbirlərdə ATU-nun depresiya, körpələrə düzgün qulluq, ana südünün əhəmiyyəti, psixoloji xəstəliklər (şizofreniya, alzaymer), həkiməqədər ilk tibbi yardımın öyrədilməsi, talessamiya, onkoloji xəstəliklərlə mübarizə, narkomaniya, sağlam həyat və zərərli vərdişlər, “Qadın sağlamlığı” haqqında tibbi maarifləndirmə, dəri, mədə-bağırsaq, göz, genetik və s. xəstəliklər üzrə həkim mütəxəssisləri iştirak edəcəklər.