Martın 6-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu ” mövzusunda növbəti “Novruz mühazirəsi” keçirilib. Ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Çin və digər ölkələrdən 30 nəfər əcnəbi tələbə də iştirakçılar sırasında olub. Onlar arasında Azərbaycan Tibb Universitetinin iki tələbəsi - İordaniya vətəndaşı Mai Zakaria Jubran İbrahim və Finlandiya vətəndaşı Həsənağa Əliyev də olub.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini tarixi hadisə adlandırıblar. Qeyd olunub ki, xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə strateji hədəflərindən biri olub. Məhz bu baxımdan Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə yola salınıb.
Sonra iştirakçılar tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidinin “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramını dinləyiblər.
Ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı” və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar. Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib.
Finlandiya vətəndaşı Həsənağa Əliyev ATU-nun stomatologiya fakültəsinin 1-ci kurs tələbəsi ilk dəfə Gəncədə olduğunu, bu qədim şəhəri çox bəyəndiyini bildirir. Onun sözlərinə görə, bu səfər ona Azərbaycanın tarixi ilə daha yaxşı tanış olmağa imkan verib. Həm də yeni tanışlıqlar, yeni əlaqələr qazandırıb.
Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.