Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının həkimləri uşaq gözləyən növbəti bir ailəni sevindiriblər. Klinikanın 1-ci mamalıq ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın sözlərinə görə, onlara müraciət edən xanım bundan əvvəl iki dəfə hamilə olub. Lakin hamiləliklərin hər ikisi uğursuzluqla nəticələnib.
“23 yaşlı bu xanım 4 ildir ki, evlidir. Bu müddət ərszində iki dəfə hamilə qalıb. Birinci dəfə 2015-ci ildə hamiləlik 28 həftəlikdə 1600 qram, ikinci dəfə 32 həftəlik 2200 qram dölün doğulması ilə nəticələnib. Birinci dəfə körpə 7-ci sutkada, ikinci dəfə isə 9-cu sutkada ölüb. Yenidoğulmuşların heç birində ölüm səbəbini araşdırmaq üçün tədqiqat aparılmayıb”.
N.Axundovanın sözlərinə görə, xanım və həyat yoldaşı yaxın qohumdurlar. Ana olmaq istəyən qadın bu dəfə ATU-nun Cərrahiyyə Klinikasına müraciət edib. Burada xanım hamiləlikdən öncə laborator –instrumental müayinələrdən keçirilib, infeksiyalar, hormonal dəyişikliklərlə əlaqədar müalicə olunub. Həkimin sözlərinə görə, qadında 2-ci sinif genlərin Hla tiplənməsi zamanı 3 lokus üzrə histoloji uyğunluq, autoimmun markerler (Antikardiolipin LgM) irsi trombofiliya üzrə 2 homoziqot mutasiya aşkar edilib: “Bunlar da hamiləliyin uğursuz nəticələnməsinin səbəblərindən hesab edilir. Bundan əlavə, qadında insulinrezistentlik, hiperandrogeniya, qalxanabənzər vəzin çoxdüyünlü uru, uşaqlığın inkişaf anomaliyası aşkar edilib”.
Hamiləliyin ilk ayında xanımda limfositoterapiya aparılıb. Bu dəfə də hamiləlik müddəti fəsadsız keçməyib. Düşük təhlükəsi, vaxtından qabaq doğuş təhlükəsi, simptomsuz bakteriyauriya, qadında irsi və qazanılmış trombofiliya markerləri, elecə də aşağı ətraf damarlarının Doppler müayinəsi zamanı venoz qapaq çatışmazlığı aşkarlanıb. N.Axundova bildirir ki, buna görə də hamiləlik aşağı molekul çəkili heparin yüksək profilaktik dozası ilə aparılıb: “Nəhayət, bu günlərdə qadın keysəriyyə kəsiyi əməliyyatı ilə sağlam körpəsinə qovuşdu. Körpənin çəkisi 2600 qram, boyu 49 sm-dir. Biz də klinikamız adından bu ailəni ürəkdən təbrik etdik”.