Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) prorektorlarının qonağı olub.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qonaqlara bu ali təhsil ocağında mühazirə oxuduqları üçün minnətdarlığını bildirdi. O, gələcəkdə əlaqələrin daha da genişlənməsinin zərurətindən danışdı: “Mən inanıram ki, gələcəkdə bizim əlaqələrimiz daha da sıxlaşacaq, müəllim, həkim mübadiləmiz davamlı olacaq. ATU-nun hazırda mövcud olan 4 klinikaları ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2500 tələbəni qəbul etmək imkanına malikdir. Burada universitetin bir sıra nəzəri kafedraları, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxanası var”.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov qonaqlara təhsil prosesinin qaydaları və strukturu haqqında məlumat verdi.
Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin Onkologiya və vizual diaqnostika şöbəsinin kurs rəhbəri, Regional Perinatal Mərkəzin doktoru, tibb elmləri namizədi Yerbolat İztleuov ATU-da olduğundan məmnunluq hissi duyduğunu vurğuladı. O, təmsil etdiyi universitetin fəaliyyəti, oradakı təhsil prosesi haqda məlumat verdi.
Görüşün sonunda qonaqlar ATU tərəfindən sertifikartla mükafatlandırıldılar.
Xatırladaq ki, Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin Onkologiya və vizual diaqnostika şöbəsinin kurs rəhbəri Yerbolat İztleuov və nümayəndəsi Lyubov Tuleqenova ATU-da II mamalıq ginokologiya kafedrasında elmi seminarda mühazirə oxuyublar.