Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz Bayramı ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Tibb Universitetində də həmişə xüsusu təntənə ilə qeyd olunur. Bu il də ənənə pozulmadı. Martın 16-da universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə geniş bayram tədbiri düzənləndi. Böyük akt zalının foyesində iştirakçılar üçün bayram süfrəsinin açılması ilə başlayan tədbir rəngarəng konsert proqramı ilə davam etdi.
Bayram tədbirinin aparıcıları – ictimai səhiyyə fakültəsinin II kurs tələbəsi Fidan Həsənli və stomatologiya fakültəsinin I kurs tələbəsi Əli Əliyev bütün iştirakçıları salamlayaraq ilk növbədə səhiyyəmizin inkişafı üçün tələbələrə hər cür şərait yaradan universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Bundan sonra təbrik üçün səhnəyə dəvət olunan universitetin rektoru, professor Gəray Gəraybəyli hörmətli qonaqları, professor-müəllim heyətini və tələbələri bügünkü bayram tədbirində görməkdən məmnunluğunu vurğuladı və ABŞ-ın Viskonsin Lakers Universitetinin professoru Robert Jecklini, Qazaxıstandan universitetimizə elmi ezamiyyətə gəlmiş nümayəndə heyətini xüsusi salamladı.
Xalqımızın səbirsizliklə gözlədiyi Novruz Bayramının müasir Azərbaycanın banisi, ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlət səviyyəli bir bayrama yüksəldildiyini söyləyən rektor səmimi arzularını tədbir iştirakçıları ilə bölüşdü: “Novruz Bayramı xalqımızın, elimizin ən vacib və çox sevilən bayramlarındandır. Çünki bu bayram təbiətə, hər bir insana yeni oyanış, yeni tərəqqi bağışlayır. Məhz bu baharda, aprelin 11-də keçiriləcək növbəti Prezident seçkilərində öz sözümüzü deyəcəyik. Əminəm ki, Azərbaycanın hər bir sahəsində inkişafa nail olan ən layiqli namizədimizə, cənab prezidentimiz İlham Əliyevə səs verərək daha böyük irəliləyişlərə nail olacağıq.
Əziz müəllimlər və tələbələr, mən sizi bu böyük bayram münasibətilə təbrik edir, hər birinizin ailəsinə, yaxınlarına cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram! Hər birinizin ailəsində, qəlbinizdə daim bahar olsun. Bir daha bayramınız mübarək!”
Rektorun alqışlarla qarşılanan təbrikinin ardınca Üzeyir Hacıbəyovun “Cəngi”si səsləndi, Novruz adət-ənənələrini əks etdirən videogörüntü nümayiş olundu. Universitetimizin “Şəfa” xalq çalğı alətləri ansamblının ifasında “Bayram gəlir elimizə” musiqisi hamını bayram ovqatına köklədi.
Tamaşaçıların alqış sədaları altında Nisəxanım Rəhimovanın bədii rəhbərliyi ilə səhnəyə çıxan “Çinar” rəqs ansamlı yenə də bənzərsiz rəqslərlə pərəstişkarlarını heyran qoydu. Stomatologiya fakültəsinin V kurs tələbəsi Nərmin Camalova ingilis, fransız və alman dillərində mahnıları məharətlə və məlahətli səslə ifa etdi. Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Salatın Quliyevanın ifasında Üzeyir Hacıbəyovun “Sevgili canan”ı da tamaşaçı sevgisi ilə qarşılandı.
Musiqi fasiləsində aparıcılar Novruz Bayramının atributlarından olan xonça bəzədilməsi üzrə keçirilən müsabiqədə stomatologiya fakültəsi dekanlığının qalib gəldiyini və əsas məqsədin Tibb Universitetinin adından “Körpələr evi”nə bayram sovqatı aparmaq olduğunu dedilər. Hərbi tibb fakültəsinin VI kurs tələbəsi Eşqin Əsgərov və II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Səmra Bağırlı son illərdə tədbirlərimizin ən yaxşı aparıcıları kimi mükafatlandırıldılar.
Bu gün universitetimizdə Azərbaycan vətəndaşları ilə bərabər 27 xarici ölkədən 1186 tələbə və hazırlıq şöbəsində 605 dinləyicinin təhsil aldığı söylənildi. Hazırlıq şöbəsinin dinləyicisi Əsra Yıldız ölməz sənətkarımız Şövkət Ələkbərovanın “Durnalar” mahnısını ifa etməklə həm də milli musiqimizə sevgisini nümayiş etdirmiş oldu. Stomatologiya fakültəsinin I kurs tələbəsi Ərəstun Mədədi isə ölkəmizə məhəbbətini İsmayıl Mədədinin “Azərbaycan” şeirilə çatdırdı.
Tədbirə qonaq qismində təşrif buyurmuş 12 saylı musiqi məktəbinin şagirdi Məlahət Mirzəyevanın ifa etdiyi “Ana” mahnısı bütün xanımlarımıza bir təbrik hədiyyəsi oldu.
Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Əziz Əhmədlinin və Hərbi tibb fakültəsinin III kurs tələbəsi Nadir Nəbiyevin ifa etdiyi mahnılar da zövqləri oxşadı.
Vətənpərvər şairimiz Eldar İsmayılın “Mənim məmləkətim, ürəyim, canım, Ağzımda dilim də Azərbaycandır” misralarından sonra 2017-ci il Muğam müsabiqəsinin qalibi Nurlan Namazovun ifasında səslənən “Qarabağ şikəstəsi” zalda böyük bir coşqu yaradaraq bizi gələcək qələbələrə ruhlandırdı.
Bayram tədbiri tamaşaçıların alqış sədaları altında Azərbacan Respublikasının əməkdar artisti Aybəniz Haşımovanın şagirdi, 7 yaşlı Fatimənin gözəl ifası və rektorun səhnədə ona hədiyyə təqdim etməsi ilə başa çatdı.