Azərbaycan Tibb Universitetinin (ATU) kollektivi Novruz bayram ərəfəsində sağlamlıq imkanları məhdud olan uşaqları sevindirib. Universitet heyəti Mərdəkan qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə baş çəkib.
ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov ziyarətin universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə baş tutduğunu deyib. O, ali təhsil ocağının kollektivinin burada müalicə olunan uşaqlara bayram sovqatı gətirdiyini bildirib: “ATU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetdə təntənəli Novruz şənliyi keçirilib və hər bir fakültə xonça hazırlayıb. Biz də həmin xonçaları, həmçinin digər bayram nemətlərini uşaqlar üçün pay gətirdik. Bayram ərəfəsində belə tədbirlər təşkil etmək, sağlamlıq imkanları məhdud olan bu uşaqları sevindirmək bizim borcumuzdu”.
Daha sonra 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova universitet əməkdaşlarına müəssisə haqqında məlumat verdi. O bildirdi ki, müəssisədə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlər göstərilir: “Burada 170 uşaq var. Onların normal yaşayışı və müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun hər bir şərait yaradılıb. Burada savadlı uşaqlar çoxdur, biz onlara müxtəlif sənət növləri öyrədirik. Məsələn, muncuqla işləyirlər, palçıqdan fiqur düzəldirlər. Uşaqlar arasında daun, autizm və sivral iflicli xəstəliyindən əziyyət çəkənlər üstünlük təşkil edir. Onlarla işləmək çox çətin olur. Bu səbəbdən də həkimlərlə daima əlaqədəyik”.
ATU nümayəndələri müəssisəni gəzərək, uşaqların xəstəlikləri ilə yaxından maraqlandılar. Onlar gələcəkdə bura həkim briqadası ilə gəlib, uşaqları müayinə edəcəklərini bildirdilər.
Qeyd edək ki, ziyərətdə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, assent Seymur Hacıyev, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, Əczaçılıq fakültəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Yavər Hacıyev, Universitet Həmkarlar Komitəsinin üzvü, dosent Məfkurə Hüseynova, Universitet Həmkarlar İttifaqı Komitəsinin üzvü Səidə Hacıyeva, İctimai səhiyyə fakültəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Sahib Əhmədov, II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirova, Stomatologiya fakültəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Tofiq Mahmudov, II Müalicə-profilaktika fakültəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nurlana Əliyeva iştirak edirdilər.