Moskvanın ən böyük arenalardan sayılan “Lujniki” stadionunda Rusiya yığması dünya yığmasına qarşı “ÇEMPİONLARIN DÖYÜŞÜ 10” əlbəyaxa döyüş sənətini nümayiş etdirən idman festivalı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanov festivalda iştirak edib.
İndiyədək bir çox beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında iştirak edən Q. Aslanov bu festivalda ilk dəfə hakimlik edib: “Belə yarışlarda dünyanın ən yaxşı beş hakimindən biri sayıldığım və Qafqazda yeganə hakim olaraq dünya çempionatlarında ölkəmizi təmsil etdiyim üçün çox çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyim vacib idi. Bu idman yarışı bir neçə idman televiziya kanallarında (“Боец”, “Матч”) və internet saytlarında canlı verilirdi. O cümlədən də, rəqiblər dəfələrlə dünya çempionu olmuş idmançılardır, bir-birlərini çox yaxşı tanıyırlar. Bu çətin döyüşün məsuliyyəti isə hakimlərin üzərinə düşür. Döyüşdə əsas sayılan mərkəz hakimi olaraq mənə etimad göstərilmişdi. Rusiya idmançısı Yevqeniy Mamro ilə yaponiyalı Tenta Onoderanın döyüşünü idarə etdim və nəticədə hakimlərin qərarı fərqli olsa da, rusiyalı idmançı qalib gəldi.
Qələndər Aslanovun sözlərinə görə, hakimlik işi çox çətindir: “Çox incə məqamlar var ki, onları biz seminarlarda müzakirə edirik, təkmilləşmə aparırıq və sonda imtahan veririk. Həm nəzəri, həm də təcrübi qiymətləndirmədən keçən, qərarlarında dəqiq, tərəfkeşlik, millətçilik etməyən hakimlər çempionatda hakimlik edir. Bəzən tamaşaçı döyüşün nəticəsindən narazı qalır. Döyüşə tamaşaçı gözü ilə baxdıqda insanların fikri fərqli olur və hakimin qərarı ilə razılaşmır. Bunun üçün də biz çalışırıq ki, çempionatlardan əvvəl bütün məşqçi heyəti və iştirakçı olan idmançılara hakimlikdə olan yenilikləri çatdıraq”.
Q. Aslanov “Təbib” idman klubunda məşğul olan tələbələrinə də mütəmadi olaraq hakimlik üçün testlər hazırlayıb, onlardan imtahan götürür: “Kyokuşin karate üzrə Bakıda keçirilən yarışlarda bir neçə tələbəm idmançı qismində, bəzilərini isə hakim kimi yarışlara hazırlayıram. İnanıram ki, tələbələrim də gələcəkdə öz peşə fəaliyyətlərində hər zaman ədaləti təmsil edəcəklər”.