Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Nevrologiya şöbəsinin həkim-rezidentlərinin seminarı keçirilib.
Seminarda çıxış edən direktorun müavini Adil Nuriyev həkim-rezidentlərə keçirilən seminarların elmi əhəmiyyətindən danışıb, onlara öz tövsiyələrini verib.
Daha sonra adı çəkilən şöbənin həkim-rezidenti Aytən Mürsəlova çıxış edərək, Sinir-əzələ sisteminin irsi xəstəliklərinin klinik differensiasiyası barədə danışıb.
O bildirib ki, bura 3 qrup xəstəlik daxildir.
"Bunlar irsi meopatiyalar, spinal amiotrofiyalar və nevral amiotrofiyalardır. Bu xəstəliklərin hər biri mexanizmlərinə görə bir-birindən fərqlənir. Meopatiyalarda əzələlərin özündə parçalanma baş verir, ona görə xəstədə arıqlama müşahidə edilir. Lakin spinal və nevral amiotrofiyalarda əzələnin sinir təchizatı pozulur və nəticədə əzələ öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir”.
Xəstəliyin əsas əlamətləri - əzələ zəifliyi, ətraflarda arıqlama, yerişin pozulması, bəzi növlərində tənəffüs pozulması, ürək problemləri və s. dir.
Hansı yaş qruplarında bu xəstəliklərin müşahidə edilməsinə gəlincə, həkim-rezident bunun müxtəlif olduğunu qeyd edib. “Belə ki, irsi meopatiyalara 2-3 və 50-60 yaşdan, spinal amiotrofiyalara doğuşun ilk həftəsindən və 20-30 yaşdan, nevral amiotrofiyalara isə 10-20 yaşdan başlayaraq rast gəlmək mümkündür”.
A.Mürsəlova onu da vurğulayıb ki, bu xəstəlik irsi olduğu üçün müalicəsi yoxdur.
”Yalnız reabilitasiya metodlarından istifadə etməklə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. 2016-cı ildən başlayaraq, amerikalı mütəxəssislər tərəfindən hazırlanan dərman vasitəsinin bu xəstəliklə mübarizədə mühüm rol oynadığı aşkar edilmişdir. Hazırda bu dərman vasitəsini türkiyəli mütəxəssislər də istifadə etməyə başlayıb”.