Aprelin 5-də ATU-nun İctimai Fənlər kafedrasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan İctimai Fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev konfrans iştirakçılarını salamlayaraq geniş məruzə ilə çıxış etdi. Q. Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli səhifələrdən biridir. 2018-ci ildə AXC-nin yaranmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, “ Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı ən parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır”.
Professor Q. Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar və bunun nəticəsində beynəlxalq aləmdə tanınması haqqında məlumat verərək bildirdi ki, AXC təcavüzə məruz qaldığı üçün qarşısına qoyduğu məqsədlərə tam nail ola bilmədən süquta uğradı. Lakin süquta uğrasa da onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı, müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi kimi öz müstəqilliyini bərpa etdi.
2018-ci il tariximizin ən ağrılı-acılı hadisələrindən olan, erməni daşnakları və bolşevikləri havadarları tərəfindən Azərbaycan xalqına, türk-müsəlman əhalisinə qarşı ən qəddar vəhşiliklərlə həyata keçirilmiş 31 mart 1918-ci il azərbaycanlıların soyqırımının da 100 ili tamam olur. Bu münasibətlə də Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də 1918-ci il mart soyqırımının 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. 2018-ci il martın 30-da S. Şaumyanın rəhbərliyi altında başlayan bu soyqırım hadisələri növbəti aylarda da Azərbaycanın ayrı-ayrı bölgələrində xüsusi amansızlıqla həyata keçirilmişdir. Çox sayda soydaşlarımız qətlə yetirilmiş , öz yurd- yuvalarından didərgin salınmışdır. Azərbaycan xalqı qanla yazılmış bu tarixi heç zaman unutmayacaq.
Sonra kafedranın tələbə Elmi Cəmiyyəti üzrə məsul səxs, baş müəllim Aida Təhməzova konfransın gündəliyində 12 tələbənin müxtəlif məruzələrlə çıxış edəcəyini bildirdi və sözü tələbələrə verdi.
517 a- 1qrup tələbəsi Murad Osmanov Murad “Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik uğurları” adlı işin elmi rəhbəri dosent E. Sadıqov, 117 r-4 qrup tələbəsi Azər Qaracayev “Azərbaycan mühacirləri”, elmi rəhbər b/m. A.Təhməzova, 817 a- 2. qrup tələbəsi Ləman Kərimova “Xalq Cümhuriyyəti dövründə Azərbaycan təhsili” elmi rəhbəri b/m. A. Talişinski fərqləndilər.
Konfransda ı müalicə profilaktika fakültəsinin dekan müavini, Mahir Quliyev iştirak edirdi.