
Azərbaycan Elm Fondunun Əsas Qrant Müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Grinyar reagentləri və benzamidlər əsasında sintez olunan ketonların xərçəng əleyhinə in silico və in vitro tədqiqatları” adlı layihənin növbəti mərhələsi Türkiyədə həyata keçirilib. Layihəyə Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov rəhbərlik edir.
Layihə çərçivəsində ATU-dan layihənin icrasına cəlb olunan digər əməkdaşlar da iştirak ediblər: Elmi Araşdırmalar Mərkəzinin direktoru, dosent Orxan İsayev və Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayev. Onlar professor Qasımovla birgə 24–28 noyabr 2025-ci il tarixlərində Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində eksperimental in vitro tədqiqatların həyata keçirilməsində iştirak ediblər.
Alimlər yeni sintez edilmiş 20 növ kimyəvi birləşməni (ketonları) iki növ xərçəng hüceyrə xəttinə qarşı sınaqdan keçirərək ən aktiv 5 birləşməni müəyyənləşdiriblər. Həmin nümunələr ATU-da ultrastruktur tədqiqatlar üçün hazırlanıb.
Ezamiyyə çərçivəsində ATU əməkdaşlarını Tokat Qaziosmanpaşa Universitetinin prorektoru Prof. Dr. Yusuf Temür qəbul edib. Görüşdə gələcəkdə Azərbaycan Elm Fondu, TÜBİTAK və HORIZON proqramları üzrə birgə layihələrin həyata keçirilməsi üçün maraq ifadə olunub.
Bundan başqa, alimlər Molekulyar Biologiya və Genetika, Biologiya və digər kafedraların rəhbərləri – Prof. Dr. Ercan Çaçan və Prof. Dr. Adem Keskin, həmçinin Tibb fakültəsinin Histologiya, Embriologiya və Parazitologiya kafedralarının müdirləri Prof. Dr. Fikret Gevrek və dosent Dr. Mehmet Aykur ilə görüşlər keçiriblər. Laboratoriyalarda flüoresrent və işıq mikroskopları, mikrotomlar, parafin bloklarından kəsiklərin alınması və boyanma prosesi ilə yerində tanış olublar. Görüşlərdə birgə elmi tədqiqatların aparılması və nəticələrin yüksək impakt faktorlu jurnallarda dərc olunması barədə ilkin razılıq əldə edilib.
Ezamiyyə müddətində Prof. Eldar Qasımov Tokat Qaziosmanpaşa Universitetində “Hüceyrə ölümü formalarının ultrastruktur xüsusiyyətləri” mövzusunda mühazirə oxuyub. Dosent Fuad Rzayev isə ATU-nun Elektron Mikroskopiya şöbəsində mövcud olan müasir cihaz və avadanlıqların iş prinsipi barədə təqdimat edib. Hər iki çıxış böyük maraqla qarşılanıb və tədbir sual-cavab sessiyası ilə davam edib.