ATU-nun Stomatolojı Klinikasında terapevtik stomatologiya kafedrasının dosenti Səlimə Məmmədova tərəfindən yazılan “Terapevtik stomatologiya - Parodont və oral mukoza xəstəlikləri” adında dərs vəsaitinin tədqimatı keçirilmişdir. Tədqimatda müəllimlər, rezidentlər, yuxarı kurs tələbələri, DİM (Dövlət İmtahan Mərkəzi) və “SOFARMA” kompaniyasının nümayəndələri iştirak etmişlər.
Klinikanın müdiri, professor Alqış Səfərov açılış nitqində təqdim olunan vəsaitin aktuallığını vurğuladı. O, qeyd etdi ki, terapevtik stomatologiya kafedrası (müdir–professor A.Paşayev) tələbələr üçün yazılan vəsaitlərin sayına görə məhsuldar bir kafedra kimi tanınır: “Bu gün təqdim olunan kitab Dövlət İmtahan Mərkəzi tərəfindən nəşrə hazırlanıb, maliyələşdirilib və buna görə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə, DİM-in rezidentura şöbəsinə və əlbəttə ki, dosent Səlimə Məmmədovaya dərin minnətdarlığımızı bildiririk.Vəsait Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. A.Səfərov çıxışında vurğuladı ki, bundan əvvəl DİM tərəfindən nəşr olunan vəsaitlər baza fənlərinə aid idi, təqdim olunan vəsait isə klinik fənn üzrə ilk dərslikdir. Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həmçinin tibb təhsili müəssisələrinin tələbələri, eləcə də bu fənni tədris edən müəllimlər istifadə edə bilərlər”.
Sonra müəllif S.Məmmədova vəsait barədə slaydların köməyi ilə daha ətraflı məlumat verdi. DİM-in məlumatlarına istinad edərkən, o dedi ki, indiyədək keçirilən qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili namizədlərin parodont və oral mukoza xəstəlikləri üzrə test tapşırıqlarını cavablandırmaqda çətinlik çəkdiklərini göstərmişdir. Bunu nəzərə alaraq, vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilmiş, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilmişdir. Vəsaitdə tələbələrin axtardığı məlumatı asanlıqla tapması üçün xəstəliklər, onların klinikası, diaqnostikası, müalicəsi və s. müəyyən ardıcıllıqla verilmiş, həmçinin ölkəmizdə və beynəlxalq təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalar, mütərəqqi üsul və vasitələr geniş şərh edilmişdir.
Təqdim olunan vəsait iki hissədən ibarətdir. Birinci hissədə parodont xəstəlikləri, ikinci hissədə isə oral mukoza xəstəlikləri haqqında ətraflı məlumat verilmişdir. Vəsaitdə parodontun, oral mukozanın və dodaqların qırmızı haşiyəsinin xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, patohistologiyası, diaqnostikası, müalicə və profilaktikasına dair məsələlər müasir dövrün tələblərinə uyğun şəkildə şərh olunmuşdur. Ağız boşluğu xəstəliklərinin və ağızda allergik vəziyyətlərin, ağır metallarla zədələnmələrin, QİÇS və onunla əlaqədar olan xəstəliklərin təzahürləri ətraflı təsvir edilmişdir. Bütün bunlarla yanaşı, vəsaitdə sistem xəstəlikləri və maddələr mübadiləsinin pozulmaları zamanı oral mukozada baş verən dəyişikliklər haqqında da geniş məlumat verilmişdir.
Vəsaitin hazırlanmasında şəxsi çoxillik klinik müşahidələrlə yanaşı, bu istiqamətdə aparılan tədqiqatlar əsasında dərc olunmuş materiallardan da istifadə edilmişdir.
Sonra çıxış edənlər terapevtik stomatologiya kafedrasının müdiri, professor A.Paşayev və dosent R.Səlimov vəsaitin əhəmiyyətli olduğunu bir daha vurğuladılar. Onlar qeyd etdilər ki, vəsaitin səlis dili, şərh və izahlardakı yığcamlıq, məzmunu qısa, lakin dolğun ifadə etmək xüsusiyyəti ondan istifadə edənlərə az bir vaxtda səmərəli nəticələr əldə etməyə və rezidenturaya qəbul imtahanına sərbəst hazırlaşmağa imkan verəcəkdir. İnanırıq ki, bu üstünlüklərinə görə təqdim olunan vəsait stomatologiya fakültəsinin tələbələri, həm əmək fəaliyyətinə yeni başlayan, həm də təcrübəli həkim-stomatoloqlar üçün faydalı bir elmi-metodik vəsait olacaqdır. Digər profilli həkimlər – terapevtlər, dermatoloqlar, otorinolarinqoloqlar, endokrinoloqlar da vəsaitdə özləri üçün faydalı məlumatlar tapa bilərlər.