Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. Konfransda hərbi tibb fakültəsində təhsil alan kursant və tələbələrin araşdırdıqları elmi işlər dinlənilib.
Fakültə rəisinin elmi işlər üzrə köməkçisi, t/x baş leytenantı Sevinc Orucova çıxış edərək bildirib ki, fakültənin 12 tələbəsi apardıqları elmi araşdırmalarla çıxış edəcəklər. Onun sözlərinə görə, fakültədə elmi fəaliyyətlə məşğul olmaq üçün hər bir şərait yaradılıb. S.Orucova belə bir şəraiti yaratdığına görə hərbi tibb fakültəsinin rəisi, əməkdar həkim, t/x polkovniki Çingiz Əlləzova təşəkkürünü bildirərək konfransı açıq elan etmək və tələbələrə öz tövsiyyələrini vermək üçün sözü ona verib.
Rəis konfrans iştirakçılarını salamladıqdan sonra bildirib ki, bu gün fakültəmizin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi konfransda gənc, gələcəyimiz olan həkimlər öz elmi işlərini bizə nümayiş etdirəcəklər: "Onların elmə olan həvəslərini ürəkdən alqışlayır və tövsiyə edirəm ki, elmi axtarışlarını daim etdirsinlər, elmə dərindən yiyələnsinlər. Çünki iş təcrübəsi olub, elmi olmayan adam sükansız və kompassız gəmi kapitanına bənzəyir və hara getdiyini bilmir. Gələcəyiniz elmdən asılı olduğu üçün çalışın, tibb elmini incəliklərinə qədər öyrənin ki, məqsədinizə asanlıqla nail ola biləsiniz".
Bundan sonra fakültə TEC-nin sədri, VI kursun kursantı Eşqin Ələsgərov müxtəlif mövzularda məruzələrlə çıxış etmək üçün sözü araşdırmaçı tələbə və kursantlara verib.
V kurs, 1151b qrupundan İbrahim Heydərlinin "Hipofiz vəzi şişi zamanı optik sistem", IV kurs, 1111a qrupundan Ayxan Səfərovun "Multirezistent ağciyər vərəmi ilə yanaşı ağciyərin xroniki obstruktiv xəstəliyinin xüsusiyyətləri", V kurs, 1151c qrupundan Dursun Əliyevin "ALS diaqnozu qoyulmuş xəstələrdə ümumi reanimasion prinsiplər və reablitasiyanın aparılması", VI kurs 1141a qrupundan Rəhman Hüseynzadənin "Pararektal fistulların diaqnostikası və xüsusiyyətləri", V kurs, 1151a qrupundan Şamxal Hüseynovun "Wilmas şişi", V kurs, 1151a qrupundan Orxan Babayevin "Hepatosellular xərçəng", IV kurs, 1112c qrupundan Kərəm Məmmədovun "Reynaud sindromu", VI kurs 1141a qrupundan Məhəmməd Əlizadənin "Profliferativ diabetik retinopatiya zamanı flüoressent angioqrafiyanın proqnostik əhəmiyyəti", II kurs, 1125b qrupundan Sərxan Cəfərlinin "Öd yollarının morfoloji xüsusiyyətləri", V kurs, 1151a qrupundan Qəzənfər Məcidlinin "Prostat vəzi xərçənginin diaqnostikasının prinsipləri", V kurs, 1150a qrupundan İlkin Həsənlinin " Kişilərdə süd vəzi xərçəngi", V kurs, 1151a qrupundan Məhəmməd Mustafazadənin "Qulağın anatomik quruluşu, fiziologiyası və müayinəsi" mövzusunda məruzələri diqqətlə dinlənilib. Konfrans geniş müzakirələr və çoxsaylı sual-cavabla başa çatıb.