ATU-nun Tədris Terapevtik Klinikasında “Mövsümi allergiyalar” mövzusunda mətbuat konfransı keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlər üçün mətbuat konfransı keçirilib.

 

“Mövsümi allergiyalar” mövzusunda keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin baş allerqoloqu, Azərbaycan Tibb Universitetinin professoru Cəbrayıl Məmmədov və Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və Kliniki İmmunoloqlar Şurasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin professoru Amaliya Əyyubova iştirak ediblər.

 

Açılışda çıxış edən direktorun elm və tədris işləri üzrə müavini Adil Nuriyev allergik xəstəliklərin Azərbaycanda da geniş yayıldığını qeyd edib. O bildirib ki, bronxial astma müalicə olunmadığı təqdirdə aşağı tənəffüs yollarına keçə bilər. Ona görə də bu xəstəlik vaxtında müalicə olunmalı və bununla da gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq olar. Daha sonra çıxış edən professor C. Məmmədov baharın gəlişi ilə allergik xəstəliklərin özünü daha qabarıq şəkildə büruzə verdiyini bildirib. “Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. Bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır.

 

Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur. Allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır”. Jurnalistlərin suallarını cavablandıran professor A.Əyyubova allergik xəstəliklərin yaranma səbəbləri arasında irsilik, virus infeksiyaları, qida və ekoloji dəyişikliklərib olduğunu vurğulayıb.

 

“Statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına görə, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir. Mən şəxsən bunu bir faciə kimi qiymətləndirirəm. Valideynlərində allergik xəstəliklər olan uşaqlara süni qida, sitrus meyvələri, yumurta, şirniyyatların verilməməsinə diqqət yetirilməlidir. Bu qidalar orqanizmin həssaslığını artırır, allergik reaksiya və ya xəstəliyin yaranmasına səbəb olur. Yeni doğulan uşaqlarda allergiya özünü bəzi hallarda büruzə verir.

 

Misal üçün, yanaqda əmələ gələn qızartı və ya səpkilər, başda olan qartmaqlar gələcəkdə ola biləcək xəstəliyin xəbərçisidir. Allergiyanın əmələ gəlmə səbəblərindən biri də irsilikdir. Valideynlərdən birində allergik xəstəlik və ya reaksiyanın olması uşağın bu növ xəstəliklərə meyillilik riskini yüzdə əlli, hər ikisində olması isə 75 faiz artırır. Altı aylığa qədər olan uşaqlarda allergiyanın əmələ gəlməsinə əsasən qida məhsulları səbəb olur. Allergik reaksiya özünü səpki, öskürək, asqırıq, boğulma və bir sıra digər hallarla büruzə verir. Xəstəlik və reaksiyalar mərhələli davam edir. Yeni doğulmuş körpələri ananın immun sistemi qoruyur. Altı aydan sonra körpələrdə immunitet bir qədər zəifləyir, onlarda virus və ya bakterial mənşəli xəstəliklərə meyillilik artır”.