Azərbaycan Tibb Universitetinin (ATU) Tədris terapevtik Klinikasında uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyasına start verilib.
Klinikanın və Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin təşəbbüssü ilə keçirilən aksiyada əsas məqsəd uşaqların erkən tibbi müayinələrə cəlb edilməsini təbliğ etmək və valideynləri maarifləndirməkdən ibarətdir.
Məlumat üçün bildirək ki, keçirilən aksiyalar artıq ənənə halını alıb və gələcəkdə də bu işlərin davam etdirilməsi planlaşdırılır.
Aksiyada iştirak edən professor, pediatr-kardioloq İbrahim İsayev son illər Azərbaycanda səhiyyə sahəsindəki inkişafdan və tibbi sığortanın ölkəmizdə tətbiq olunmasının əhəmiyyətindən danışıb.
O bildirib ki, uşaqlar arasında kardioloji problemlər getdikcə artmaqdadır.
“Uşaqlar arasında bu kimi problemlərin getdikcə artması və valideynlərin vaxtında uşaqlarını həkim müayinəsinə gətirmələrini, maariflənməsi məqsədilə bu aksiyaların təşkili çox vacib xarakter daşıyır. Eyni zamanda, aksiyalar çox gözəl nəticələr verir, beləki, bəzi hallarda hətta valideynlərin özlərinin bilmədiyi və şübhələnmədiyi problemlər bu müayinələr zamanı ortaya çıxır”.
Yeni yaranmış Pediatrik kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, pediatr Sveta Rəfiyeva bildirib ki, bütün dünyada uşaqlar arasında ürək xəstəlikləri və qeyri infeksion xəstəliklər getdikcə artır.
“Məqsədimiz valideynlərin vaxtında övladlarını həkimə gətirməkdən çəkinməməsini təmin etmək və onlar arasında maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir”.
Qeyd edək ki, 21 və 28 aprel tarixlərində də davam edəcək aksiyada Tibb Universitetinin Tədris terapevtik Klinikasında çalışan və tibbin müxtəlif sahələrində xidmətləri olan həkim mütəxəsislər də iştirak edəcək.