Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Ərzurum şəhərində beynəlxalq simpozium keçirilib. Ərzurum Atatürk Universitetində (AU) iki gün davam edən simpoziumda rəsmi şəxslər, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiyadan ziyalılar, eləcə də AU-nun kollektivi iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərginin açılışı olub. Sonra ümumilli liderdən bəhs edən sənədli film nümayiş olunub.
Beynəlxalq simpoziumda Azərbaycan Tibb Universitetinin (ATU) İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev də iştirak edib. O, çıxışında ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan siyasi fəaliyyətindən söz açıb: “Xalqın milli ləyaqətinin qorunması sahəsində Heydər Əliyevin fəaliyyətinin müəyyən məqamları və fikirlərini təhlil edilir, onun metodoloji istiqamətləri ümumiləşdirilir. Azərbaycan xalqının tarixində Heydər Əliyevin əvəzsiz rolu qeyd edilir, sağlığında tarixə düşmüş ulu öndər kimi xarakterizə edilir. Bu kontekstdə Heydər Əliyevin fəlsəfi-əxlaqi fikirlərindən, məsləhətlərdən nəsihət və tövsiyələrindən hər bir azərbaycanlı milli ləyaqəti qorumağın strategiya və metodologiyasını öyrənmələrinin zəruriliyi əsaslandırılır”.
Professor Qoşqar Əliyev bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ləyaqəti probleminə yanaşmasında həyata keçirdiyi metodoloji prinsiplər orijinallığı, siyasi mövqeyi, elmi həqiqətləri qeyri-adi, qeyri-standart əlaqələndirməsi ilə rəğbət doğurur. Həmin metodoloji prinsiplərin yalnız bəzi məqamlarını fraqment halında nəzərdən keçirilir: “Azərbaycan xalqının milli ləyaqəti probleminə yanaşmalarında Heydər Əliyev konkret və real cəmiyyətin, iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə birlikdə real həyatından çıxış edirdi. Həyatın bütün sahələrində xalqın tarixi nailiyyətlərinin vəhdəti, hissi – predmetli fəaliyyətin, tarixi məqsədin və perspektivin durumu – bu üç istiqamət Azərbaycan xalqının milli ləyaqəti problemini necə öyrənmək və başa düşmək məsələsinin təhlilində Heydər Əliyev tərəfindən məharətlə birləşdirilmişdir”.
Q. Əliyevin sözlərinə görə, Heydər Əliyev gerçəkliyi idealizə etmir, keçid mərhələsində cəmiyyətin üzləşdiyi real problemlərdən və çətinliklərdən qaçmır. Lakin milli ləyaqət hissi mənəvi hadisə olduğundan, o, daim bu hissin fərdi və milli şüura nə dərəcədə möhkəm daxil olmasına və onun insanın real vəziyyəti, həyat səviyyəsi və keyfiyyəti ilə necə stimullaşdırılmasına diqqət yetirir: “Heydər Əliyev heç bir nitqində “Milli ləyaqət” anlayışının məna yükünü nəzərdən keçirməklə kifayətlənmir. Onun həyat fəlsəfəsində milli ləyaqət mənəvi-əxlaqi hadisə kimi başqa hadisələr və dəyərlərlə tamamlanır və gücləndirilir”.
Professor əlavə edib ki, Heydər Əliyevin Azərbaycan xalqının milli ləyaqətini qorumaq yolunda dövlət, praktik, nəzəri və ideya-tərbiyəvi fəaliyyəti nəinki ölkəmizdə, həmçinin bütün dünyada tədqiqatçılar tərəfindən daha geniş şəkildə dərk olunur.” Heç şübhə yoxdur ki, gələcək nəsillər hökmən deyəcəklər: “O, bizi öz milli ləyaqətimizi qorumağa hazırlayıb”.