Aprelin 24-də ictimai səhiyyə fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında elmi-praktik konfrans keçirilib.
İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov universitetimizdə uzun illərdir ki, Tələbə Elmi Cəmiyyətinin fəaliyyət göstərdiyini qeyd edərək bildirib ki, onun bir bölməsi də bizim kafedradadır. O, son bir il ərzində kafedrada təxminən 50-dən çox tələbənin elmi işlər gördüyünü və bu elmi işlərin nəticələrinin ATU-nun Tələbə Elmi Cəmiyyətinə təqdim olunduğunu deyib. Kafedranın assistenti Aygün Babayevanın rəhbərliyi və baş müəllim Nərminə Cabbarovanın yaxından köməkliyi ilə tədqiqata cəlb edilən tələbələrin müxtəlif mükafatlar, sertifikatlar aldığını xatırladan kafedra müdiri bugünkü konfransda da maraqlı məruzələrin səslənəcəyinə əminliyini söyləyib. Bundan sonra müxtəlif mövzularda məruzələrlə çıxış etmək üçün sözü tədqiqatçı tələbələrə verib.
İctimai səhiyyə fakültəsinin IV kurs, 618b qrup tələbələri Zeynəb Bağırova, Ülviyyə Həmidova və Balaxanım Məmmədova “Tibb Universitetinin tələbələri arasında emosional-stress təzahürlərinin yayılması səviyyəsinin qiymətləndirilməsi” (elmi rəhbər: assistent Aynur Bədəlova), 618a qrup tələbələri Bahar Şabanova, Əfsanə Umarova və Kafiyə Həmzətzadə “Ali təhsil müəssisə tələbələrinin kontraseptiv vasitələr barədə məlumatlılıq səviyyəsinin təhlili” (elmi rəhbərlər: dosent Rafiq Liftiyev, assistant Kəmalə Həbibova), 620-ci qrup tələbələri Dünya Bayramova və Gülər Məhərrəmova “+1 xromosoma” (elmi rəhbər: baş müəllim Nərminə Cabbarova) və 618a qrup tələbəsi Manya Abbasova “Uşaq travmatizmin bəzi sosial-gigiyenik aspektləri” (elmi rəhbər: baş müəllim Nərminə Cabbarova) mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda iştirak edən professor-müəllim heyəti ayrı-ayrı müəssisələrdə, müxtəlif regionlarda aparılın araşdırmalar əsasında hazırlanan məruzələri qənaətbəxş qiymətləndirərək gənc tədqiqatçılara öz tövsiyələrini veriblər.