Bu günlərdə Bişkek şəhərində Türk Universitetlər Birliyinin 3-cü qurultayı keçirilib. Qırğızıstan-Türkiyə Manas Universitetinin (KTMU) ev sahibliyi ilə keçirilən toplantının açılış mərasimində ölkə rəsmiləri, təşkilata üzv olan universitetlərin təmsilçiləri, həm də yerli ali məktəblərin tələbələri qatılıblar. Qurultayda ölkəmizi Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov təmsil edib.
Tədbirin açılış mərasimində KTMU-nun rektoru Prof. Dr. Sebahattin Balcı, Türk Konseyinin baş direktor yardımcısı Dr. Ömer Kocaman və Türkiyənin Qırğzıstandakı səfiri Cengiz Kamil Fırat çıxış ediblər. Toplantıda Türk Universitetlər Birliyinin təşkilati məsələləri müzakirə olunub, birliyin loqosu və internet saytının məzmunu təsdiqlənib. Həmçinin, təşkilatın qarşıdakı dövrdə fəaliyyəti, gələcəklə bağlı planları dəyərləndirilib. Toplantı zamanı iştirakçılar quruma üzv olmayan digər universitetlərlə əməkdaşlığın gücləndirilməsi üçün bir sıra təkliflər irəli sürüblər. Məşhur türk yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90-cı ildönümü ilə bağlı beynəlxalq bir simpoziumun təşkili məsələsi də müzakirə olunub.
Türk Universitetlər Birliyinin idarə heyətinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən 14 ali məktəbin nümayəndələri daxildir. Toplantının sonunda birliyin rəhbəredici orqanına yeni üzvlərin qatlması məsələsi müzakirə olunub. Nəticədə digər ölkələrlə yanaşı, Azərbaycanın da Dillər Universiteti bu təşkilata yeni üzv seçilib.