Aprelin 23-də Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 İllik Yubileyinə həsr olunmuş “İntellektual” yarışı keçirilib. Yarışda universitet tələbələri iştirak edib, hər komandada 5 nəfər olmaq şərtilə 20 komanda iştirak edib.
Təşkilatçılardan THİK-in sədri Elvin Kərimlinin “Təbib” qəzetinə verdiyi məlumata görə, bu yarışı keçirməkdə əsas məqsəd gənc istedadlı tələbələri üzəçıxarmaq və universitet rəhbərliyi tərəfindən onlara qiymət verməkdən ibarətdir: “Yarış zamanı tələbələri maraqlandıran və onların səviyyəsinə uyğun suallar verilir. Suallara düzgün cavab verən və yüksək bal toplayan komandalar sonda sertifikatla təmin olunacaq və komanda üzvlərinə hədiyyələr veriləcəkdir.”
Universitetin Tələbə Gənclər Təşkilatının sədr müavini Rauf Vəliyev isə öz açıqlamasında bildirib ki, bildiyiniz kimi, ölkə başçısı Cənab İlham Əliyev tərəfindən bu il ölkəmizdə “Cümhuriyyət ili” elan edilib və bu barədə uyğun sərəncam imzalayıb:” Bizdə gənclik olaraq öz tariximizə sadiq qalan bir nəsilik. Bu şərəfə görə intellektual yarış təşkil etmək qərarına gəldik. Özünüz də şahidsiniz ki, planladığımız yarış baş tutub. Yarışda rəmzi olaraq 100 istedadlı tələbə iştirak edir.
Təşəbbüsümüzə verdiyi dəstəyə görə, universitetin rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürümüzü bildiririk. Gələcəkdə də bu tipli yaddaqalan yarışlar keçirməyi planlaşdırırıq.”- deyən sədr müavini yarışın təşkilatçılığında fəallıq göstərən tələbələrin adlarını çəkdi. Fəallardan Cavid Mustafa, Qaysar Şabanov Eyyub Miriyev, Azər Əkbərli, Əli Kazımzadə, Asya Məmmədli, Nərgiz Nağıyeva, Ağayusif Rzayev, Gülnur Rüstəmovanın adlarını xüsusilə vurğuladı.
Sonda 1-ci yerin qalib komandasının “Eclipse” olduğu bəlli oldu. İkinci və üçüncü yerləri isə “Gryffindor”, “Fortiori” komandaları bölüşdülər. Onlar sertifikatlarla təmin olundu və hədiyyələr verildi.