İmtahan-nəzarət qrupunun üzvləri ilə görüşən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev imtahana hazırlıq işlərinin vacibliyinə toxunub. Bu baxımdan imtahan nəzarətçilərinin üzərinə düşən vəzifələri önə çəkərək qeyd edib ki, əsas məqsədimiz imtahanın gedişi zamanı tələbələrin müəyyən texniki vasitələrdən istifadəsinin qarşısını almaqdır: “Bu il bütün tələbələrin üzərləri mühafizəçilərimiz tərəfindən xüsusi aparatlarla yoxlanılacaqdır. Bundan əlavə, tələbələrlə qabaqcadan elə iş aparmaq lazımdır ki, onlar qeyri-qanuni yolla imtahanda müvəffəqiyyət qazanmağın mümkünsüzlüyünə inanaraq ancaq öz biliklərinə arxalansınlar”.
Yeri gəlmişkən, Təhsil nazirliyinin 2017-2018-ci tədris ilini keyfiyyət ili elan etdiyini xatırladan prorektor imtahanın nəticələrinin ilk növbədə dekanlıqların fəaliyyətinin göstəricisi kimi qiymətləndiriləcəyini deyib. Ona görə də bu məsələlərdə dekanlıqların kənarda durmamalarını, imtahanın gedişini diqqətlə izləməyi tövsiyə edib.
Virtual Test Mərkəzinin rəhbəri, dosent Şahin Bayramov da nəzarətçiləri məsuliyyətli olmağa çağıraraq bildirib ki, imtahan zalında sakitçiliyin yaradılması və texniki qurğuların daşınmaması ən zəruri şərtlərdir: “Hətta ən ucuz texniki avadanlıq vasitəsi ilə informasiyanı 14 metr məsafədən qəbul etmək olur. Amma bunun üçün tələbə sualları mütləq oxumalıdır ki, istədiyi cavabı eşitsin. Deməli, bu cür halların qarşısını almaq üçün zalda mütləq sakitlik hökm sürməlidir. Yəni tələbələrin, eləcə də nəzarətçilərin imtahan zalında söhbət etməsi yolverilməzdir. Nəzarətçi tələbədə mobil telefon görərsə, onu dərhal imtahan zalından çıxarmalı, özü də telefondan istifadə etməməlidir. Tələbə öz səhifəsinə girəndən sonra yerini dəyişə bilməz”.
Əczaçılıq fakültəsinin dekanı, ictimai əsaslarla imtahan-nəzarət qrupuna rəhbərlik edən dosent Kamandar Yaqubov nəzarətçilərin işi ilə bağlı mövcud təlimatın vacib məqamlarını diqqətə çatdırıb. Bildirib ki, nəzarətçilərin hər biri təyin edilmiş vaxtda nəzarət zalında olmalı, işə gələn əməkdaşlar ad və soyadlarını yazaraq imzaları ilə təsdiqləməlidir.
Görüşdə iştirak edən imtahan-nəzarət qrupunun üzvlərinə tapşırıqlarını verən prorektor indiyədək yol verilən nöqsanların aradan qaldırılacağına, nəzarətçilərin öz işlərinə bundan sonra daha məsuliyyətlə yanaşacaqlarına əminliyini bildirib.