“Qafqaz Universitetlərinin 1-ci Elm və Mədəniyyət Festivalı” keçirilib

Türkiyə Cümhuriyyətinin Kars şəhərində yerləşən Kafkas Universitetində “Qafqaz Universitetlərinin 1-ci Elm və Mədəniyyət Festivalı” keçirilib. Festivalda Azərbaycan, Gürcüstan, Dağıstan (Rusiya Federasiyası), Özbəkistan və Qırğızıstanın müxtəlif universitetlərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə universitetimizi Beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov və Mübadilə proqramları üzrə koordinator Müşfiq Orucov təmsil ediblər.

Festivalın açılış mərasimində Kafkas Universitetinin rektoru, professor Sami Özcan qonaqları salamlayıb, Festivalın Qafqaz bölgəsi universitetlərinin qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyətlərinin daha da güclənməsinə təkan verəcəyini bildirib.

Festival çərçivəsində universitet rektorlarının və nümayəndələrin rektor, professor Sami Özcan tərəfindən rəsmi qəbulu, İncəsənət fakültəsində rəsm sərgisinin açılışı, iştirakçı ölkə universitetlərinin musiqi kollektivlərinin geniş konserti, qədim Ani xarabalıqlarına ekskursiya və s. tədbirlər həyata keçirilib.

Azərbaycan Tibb Universitetinin nümayəndələri İkram Rüstəmov və Müşfiq Orucov Kafkas Universitetinin Tibb Fakültəsini ziyarət etmiş, dekan professor Kemal Sarıca ilə görüşüb, Fakültənin bir neçə kafedrasında olublar. Görüş zamanı Azərbaycan Tibb Universiteti və Kafkas Universiteti Tibb Fakültəsi arasında ikitərəfli əməkdaşlıq protokulunun bağlanması, birgə elmi tədbirlərin keçirilməsi, professor-müəllim və tələbə heyətlərinin mübadiləsi və s. mövzularda müzakirələr aparılıb.