Milli Ordumuzun 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Hərbi tibb fakültəsinin tədris binasında Azərbaycan ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Konfransın gündəliyinə başlamamışdan öncə ümummili lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz səslənəndən sonra, çıxış üçün söz Silahlı Qüvvələrin Baş Qərərgah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, general-leytenant Nizam Osmanova verilib.

 

Natiq ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ərəfəsində belə bir konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. H.Əliyevin hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə və müstəqillik qazandığımız ərəfədə ölkəmizə qazandırdığı uğurlardan, hərb sahəsinin inkişafına verdiyi töhfələrdən çoxsaylı örnəklər çəkib: “Azərbaycanımızın milli təhlükəsizliyinin qoruması və ordu quruculuğunda ulu öndərin müstəsna xidmətləri var və bu, danılmazdır. O zaman general Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması olduqca çətin bir məsələ idi, məhz H.Əliyevin uzaqgörən siyasəti nəticəsində buna nail olundu. Həkim kadrların yetişdirilməsi də ölkənin hərbi qüdrətini artıran əsas amillərdən biri hesab olunur. Bu istiqamətdə də ulu öndər tərəfindən lazımi addımlar atılıb və bu gün cəhab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

 

Natiq çıxışında Müdafiə Nazirliyi və ATU rəhbərliyinin diqqəti və həyata keçirdiyi tədbirlər nəticəsində hərbi-pedaqoji kadrların yetişdirilməsi üçün hər cür şəraitin yaradıldığnı da qeyd edib. Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev konfransın keçirilməsi münasibəti ilə iştirakçıları universitetin rektoru, professor Gəray Gəraybəylinin və çoxminlli professor-müəllim heyəti adından təbrik edərək, bu konfransın olduqca tarixi əhəmiyyət kəsb etdiyini bildirib: “Məlumdur ki, Cümhuriyyət dövründə bu günkü Azərbaycanımızın həyatı üçün bir sıra fərmanlar, sərəncamlar imzalanıb və qərarlar qəbul edilibdir. Onlardan biri də ordumuzun yaranması üçün imzalanan fərman idi, hansı ki, bu günlərədə yaranmasının 100 illiyini qeyd edəcəyik.”

 

Konfransın işinə uğurlar arzulayan S.Əliyev də ölkə həyatının müxtəlif sahlərinin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olmasından söhbət açıb və onun hələ sovetlər dönəmində milli kadrların yetişməsi üçün xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. Sonra t.e.n. t/x polkovniki Niyazi İsayev, t.ü.f.d, t/x b/l-tı Sevinc Orucova, t.e.d.t/x p-k/l-tı Kənan Yusifzadə, t.e.d. Elçin Ağayev, t.ü.f.d. İlqar Ömərov, t.ü.f.d. Aynur Səfiyeva, t.ü.f.d. Tariyel Ömərov, t.ü.f.d. İradə Axundova, t/x m-ru Ramin Qafarov, t/x k-nı t.ü.f.d. Rəsul Əliyev, Səriyyə Həsənova, t.ü.f.d. Azər Hümmətov, t.ü.f.d. Sevinc Salahova, t.ü.f.d. Elman Əzimov, Seymur Mehdiyev, t/x p-k/l-tı Mürvət Qasımov, t/x p-k/l-tı Qabil Cəfərov, t.ü.f.d. Rəna Şirinova, t.ü.f.d. t/x m-ru Surxay Məmmədov, t.ü.f.d. Zülfiyyə İsmayılova, t/xp-k/-ntı Şücaət Əliyev və t.e.n Elman Tağıyev müxtəlif mövzularda elmi məruzələrlə çıxış ediblər. Konfrans geniş disskusiyya və sual-cavab şəraitində başa çatıb. Sonda Hərbi tibb fakültəsinin rəisi, t/x p-ki Çingiz Əlləzov çıxış edib. Konfrans iştirakçılarına təşəkkürünü bildirən rəis, gələcəkdə atacaqları addımlara görə iştirakçılara uğurlar arzulayıb. Qaliblərə sertifikatlar təqdim olunub.