Aytən Azərbaycanda nüfuzlu sayılan peşə - həkim olmağı seçib. O, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində oxuyacaq. Deyir ki, ixtisas seçiminə yaxınlarının təsiri olmayıb: "Yaxşı bir cərrah olmaq istəyirəm. Əslində, valideynlərim də ixtisasca həkimdirlər və Mingəçevir şəhər xəstəxanasında çalışırlar. Yəni, uşaqlıqdan həkim ailəsində böyümüşəm. Bəlkə də bu sahəyə marağımda valideynlərimin rolu olub. Amma onlar ixtisası seçməyə məni konkret yönləndirməyiblər, qərarı özüm vermişəm".
Osman Müslümov - Bakı şəhəri 98 saylı məktəbin məzunudur. Ailə üzvləri arasında həkimlərin olduğunu deyən Osmanın sözlərinə görə, son illərdə bu ixtisasa meyllənib: "Hər kəs məndən soruşur ki, niyə belə yüksək balka xarici universitetləri seçmirsən? Hələlik burada oxumaq istəyirəm. Amma imkan olsa, magistraturanı xarici ölkələrdən birində keçmək istəyərdim. Çünki tələbə həyatı sadəcə dərs oxumaqdan ibarət deyil. Bu, həm də sosial-ictimai fəaliyyətdir. Mən harada oxusam, yalnız Azərbaycanın adını yüksəltməyə çalışacağam. İndi dünyanın hər yerində peşəkarlara ehtiyac var. Ümid edirəm ki, gələcəkdə mənim də adım peşəkar həkim kimi çəkiləcək".