Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO DEEP proqramının nümayəndə heyəti ilə görüş keçirilmişdir

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO DEEP proqramının nümayəndə heyəti ilə görüş keçirilmişdir

1 aprel 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində, şəhid gizir Mirsalam Cəfərovun adını daşıyan brifinq zalında NATO (North Atlantic Treaty Organization) tərəfindən həyata keçirilən DEEP (Defence Education Enhancement Programme) – Müdafiə Təhsilinin Genişləndirilməsi proqramı çərçivəsində rəsmi görüş keçirilmişdir.

Görüşdə Hərbi Tibb Fakültəsinin rəhbər heyəti ilə yanaşı, NATO DEEP proqramının meneceri Sarah Reichel, proqramın akademik nümayəndəsi Dr. David Dworak və digər nümayəndələr iştirak etmişlər.

Tədbirin açılışında 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev çıxış edərək qonaqları salamlamış, bu qəbildən olan görüşlərin hərbi tibb təhsilinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

Daha sonra fakültə rəisi, tibb xidməti polkovniki Məharət Rzayev NATO DEEP proqramının nümayəndə heyətinə Azərbaycan Tibb Universitetinin inkişaf tarixi, fakültələri, elmi fəaliyyət istiqamətləri, tələbə həyatı, yataqxanalar və xarici tələbələr üçün yaradılmış şərait haqqında olan məlumat kitabçalarını təqdim etmişdir.

Davamında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin Tədris şöbəsi rəisinin elmi işlər üzrə müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov fakültə barədə slayd təqdimatı ilə çıxış edərək ətraflı məlumat vermişdir.

Görüş çərçivəsində cari və növbəti illər üzrə fəaliyyət planları müzakirə olunmuşdur. Aparılan müzakirələr əsasında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi tərəfindən NATO DEEP proqramı üzrə 2027-ci il üçün bir sıra təkliflər irəli sürülmüşdür. Həmin təkliflər sırasında fakültədə təhsil alan tələbə, kursant və zabit-müəllim heyəti üçün tibbi ingilis dili kurslarının təşkili cari ilin fəaliyyət planına daxil edilmişdir.

Bununla yanaşı, Milli Müdafiə Universitetinin təhsil işləri üzrə məsləhətçisi Rəşad Əhmədov və Milli Müdafiə Universitetinin beynəlxalq təhsil əməkdaşlıq bölməsinin rəisi, mayor Fərman Xuduyev çıxış edərək NATO DEEP proqramının nümayəndələri ilə birgə gələcəkdə beynəlxalq konfransların təşkilinin məqsədəuyğunluğunu vurğulamışlar. Eyni zamanda, proqramın əhatə etdiyi ölkələrdə nəşr olunan hərbi təbabət jurnallarında elmi məqalələrin qarşılıqlı şəkildə dərc edilməsi, eləcə də həmin ölkələrdə təşkil olunan tibbi və biotibbi kurs və konfranslarda Hərbi Tibb Fakültəsinin əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi təklif edilmişdir.­­

Paylaş

Dostlarınız ilə paylaşın.