ATU-da “Pediatriyanın və respirativ təbabətin aktual məsələləri” mövzusunda elmi-tədris konfransı keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Pediatriyanın və respirativ təbabətin aktual məsələləri. Sağlamlığa doğru addımlar” mövzusunda elmi-tədris konfransı işə başlayıb. Konfrans 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

 

Tədbir Azərbaycan Səhiyyə Nazirliyinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU), Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunrebitoloqlar Cəmiyyətinin, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun və Rusiyanın “Səhiyyədə tərəfdaşlığın inkişafı” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil edilib.

 

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konfransın əhəmiyyətindən söz açıq. O bildirib ki, belə bir önəmli gündə bu konfransı keçirmək çox əlamətdar hadisədir: “Konfransda müzakirə edəcəyimiz mövzular olduqca vacib məsələlərdir. Ümumiyyətlə, müasir pediatriyaya xas olan mövzular daim aktualdır. Biz həmişə vicdanla işləməyə çalışırıq. Bir pediatr kimi başlıca vəzifəmiz yenilikləri öyrənmək, işimizdə tətbiq etmək, uşaqların qayğısına qalmaqdır. Dünyanın bir sıra ölkələrində bu cür konfransların keçirilməsi müxtəlif ixtisaslı həkimlər arasında təcrübə mübadiləsi baxımından da böyük əhəmiyyət kəsb edir”.

 

ATU-nun uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova çıxışında pediatriyanın aktual məsələlərinə toxunub. Pediatr-allerqoloq, professor Amaliya Əyyubova, professor Natalya Qeppe və digərləri uşaqlarda yuxarı nəfəs yollarının və bronxial astmanın obstruksiyası, nəfəs yollarının xəstəxanadankənar infeksiyası, respirativ infeksiyalar məsələləri, uşaqlarda tənəffüs orqanlarının xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasının müasir metodlarından söz açıblar.

 

Sonra elmi-tədris konfransının işi tematik sessiyalarda davam etdirib. Professor Natlya Qeppe “Obstruktiv bronxitdən bronxial astmaya: yerli və xarici klinikaların tövsiyə materialları əsasında”, professor Lyudmila Kozlova “Uşaqlarda xəstəxanadankənar pnevmoniyanın müalicəsində yol verilən səhvlər və onların düzəldilməsi”, professor Lalə Allahverdiyeva “Respirativ patologiyası olan uşaqlarda sublinqval immunoterapiyanın klinik-immunoloji effektivliyi”, professor Aleksandr Malaxov “Bronxitlər və xəstəxanadankənar pnevmoniya: diaqnozdan müalicəyə”, professor Dmitri Deqtyaryov “Yarımçıq doğulmuş uşaqlarda bronx-ağciyər diplaziyasının qarşısının alınması və müalicəsinin müasir prinsipləri”, tibb üzrə fəlsəfə doktoru Sevda Əsədova “Yarımçıq doğulmuş uşaqlarda respirativ distress-sindromun terapiyasının müasir praktikası”, dosent İvan Dronov “Artan antibakterial rezistentlik şəraitində rasional antibiotikoterapiya”, dosent Yekaterina Yablokova “Mədə-bağırsaq traktının normal və patoloji mikrobiotu haqqında təsəvvür. Uşaqlarda heliobakterial infeksiyanın terapiyası prinsipləri” mövzularında məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, tədbirdə uşaqlarda bronxial astma, allergiya, pnevmoniya və respirtaiv sistemin digər xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunur. Konfransın həmsədrləri Birinci MDTU-nun uşaq xəstəlikləri kafedrasının müdiri, Pediatrik Respirator Cəmiyyəti Şurasının sədri, professor Natalya Qeppe, Azərbaycan Allerqoloqlar, İmmunoloqlar və İmmunrebitoloqlar Cəmiyyətinin prezidenti, MDB ölkələri Allerqoloqlar və İmmunoloqlar Şurasının vitse-prezidenti, professor Amaliya Eyyubova, professor Hüseyn Qabulov, ATU-nun immunologiya və allerqologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva və ATU-nun I Uşaq xəstəlikləri kafedrasının professoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevdir.