ATU-da “Qlial beyin törəmələrinin müalicə yolları” mövzusunda tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası (TCK) və Türkiyənin İstanbul Medipol Meqa Universitet Xəstəxanası ilə birgə “Qlial beyin törəmələrinin müalicə yolları” mövzusunda seminar keçirilib.

 

Tədbiri giriş sözü ilə açan klinikanın direktoru Surxay Hadıyev seminarın məqsədi haqqında məlumat verib. O, neyrocərrahiyyənin ən aktual problemlərindən birinin burada müzakirə edilməsinin və təcrübələrin bölüşülməsinin hər kəs üçün faydalı olacağına ümid etdiyini deyib.

 

Sonra çıxış edən ATU TCK-nın neyrocərrahiyyə kafedrasının müdiri professor Sabir Etibarlı, neyrocərrahiyyə şöbəsinin müdiri Fərid Qaralov qlial şişlərin xüsusiyyətləri və müalicəsi haqqında danışıblar. Bildirilib ki, həmin şişlərin müalicəsi tam öyrənilməyib. Çıxışlar zamanı şişlər, onların aşkarlanması və diaqnozların qoyulması ilə yanaşı, neyrocərrahların əməliyyat zamanı qarşılaşdığı çətinliklər haqqında da bir sıra məlumatlar verilib.

 

Daha sonra İstanbul Medipol Meqa Universitet Xəstəxanasının Neyrocərrahiyyə şöbəsinin müdiri professor Nejat Akalanın “Qlial şişlərin cərrahiyyəsi”, şüa onkologiyası şöbəsinin müdiri Ömər Uzelin “Qlial şişlərin müalicəsində şüa terapiyası və radiocərrahiyyə seçimləri”, ATU-nun Onkologiya Klinikasının kimyaterapiya şöbəsinin müdiri Kəmalə Zeynalovanın “Baş beynin metastatik şişlərinin müalicəsində müasir standartlar” mövzularında məruzələri dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.