“Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Masazır Məcburi Köçkün Qəsəbəsində valideynlər üçün təlim keçirib. “Məcburi köçkün uşaqlarda kardiorevmotoloji yönümlü xəstəliklərin aşkara çıxarılması və profilaktikası” layihəsi üzrə baş tutan təlimdə 30 nəfər iştirak edib.
Layihənin rəhbəri “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyin sədri, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatrı, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyevadır. Təlimdə Zəngilan rayon poliklinikasının tibb işçiləri və “Ahıl və Tənhalara Dəstək” İB-nin sədri Ruhiyyə Məmmədova da iştirak edib.
Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva bildirib ki, layihənin əsas məqsədi Abşeron rayonu Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış şəhərcikdə məckunlaşmış məcburi köçkün üşaqların kardiorevmotoloji yönümlü xəstəliklərinin ilkin etapda müayinə olunmasıdır. O cümlədən, uşaqlarda xəstəliklərin aşkara çıxarılması, xəstəliklərin ağırlaşma riskinin minimuma endirilməsi və ağırlaşmış xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın təşkilidir.
Təlimdə çıxış edən kardiorevmatoloq Asif Cəfərov kardiorevmatoloji xəstəliklərin uşaqlarda yaranma səbəblərini ətraflı izah edib.
Təlimdən sonra valideynlərin iştirakı ilə 0-18 yaş arası 46 nəfər uşaq müayinə olunub. Onlardan 13 nəfərin müalicəyə, 1 nəfərin isə laborator müayinəyə ehtiyacı olduğu müəyyən edilib.