Sentyabrın 17-də İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında 2018-2019-cu tədris ilinin payız semestrində kollektiv qarşısında duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbiri kafedranın müdiri, professor Rafiq Çobanov açaraq yeni tədris ilinin başlanması münasibəti ilə kollektivi təbrik edib. O, yeni tədris ilində bir sıra yeniliklərin olacağını, təbələrə bir sıra yeni ixtisasların, o cümlədən səhiyyə meneceri ixtisasının öyrədiləcəyini qeyd edərək, sözü tədris işləri üzrə kafedra müdirinin köməkçisi, t.ü.f.d., baş müəllim Kamran Babayevə verib.
K.Babayev də çıxışında yeni dərs ilində müəyyən dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib. Rəhbərliyin göstərişi ilə bu ildən etibarən kurasiyanın ləğv olunduğunu və praktik məşğələ sisteminə keçildiyini bildirib. Elə bu səbəbdən hər bir müəllimin sillabusunun yenilənəcəyini qeyd edib.
K.Babayev həmçinin dərs yükünə, tələbələrin dərsə davamiyyətinə, fərdi iş planının və elektron jurnalların hazırlanması məsələsinə də geniş toxunub: “Bu ildən etibarən mühazirənin davamiyyəti ayrıca hesablanacaq, yəni mühazirədən dərs buraxma 40% olduqda tələbə imtahana buraxılmayacaq. İlk həftədən tələbələrə bu barədə məlumat verilməlidir.
Hesab edirəm ki, rəhbərliyin bu addımı təqdirəlayiqdir, çünki yuxarı kurslar çox vaxt mühazirələrdə iştirak etmirdilər və davamiyyət balı ümumilikdə 25%-lə hesablanırdı. Indi tələbə başa düşəcək ki, praktikadan olan müvəffəqiyyət göstəricisi yuxarı olsa belə, mühazirədən davamiyyəti 40%-i keçdisə, imtahana buraxılmayacaq”-deyən K.Babayev həmçinin imtahanlarla bağlı dəyişikliklərdə yeni sistemin və Elektron Universitetin yaradılması məsələsindən də söhbət açıb və bu sistemin hələ ki, I kurslara şamil olunacağını qeyd edib.
Kafedranın dosenti Anar Ağayev də öz çıxışında universitetdə aparılan islahatları və edilmiş yeniliklər təqdir edib. Kafedranın əməkdaşlarına bəzi tövsiyələrini veribdir.