Bu günlərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin rəhbərliyinin bütün qruplar üzrə görüşü keçirilib. Görüşdə fakültənin dekanı Səid Əhmədov, fakültənin dekan müavini Kamran Babayev və fakültənin elmi məsləhətçisi Qələndər Aslanov iştirak ediblər.
Görüşdə çıxış edən fakültə dekani, dosent Səid Əhmədov tələbələrin bir həftə ərzində dərslərə davamiyyəti, tədris zamanı baş verən neqativ halların cavablandırılması və eləcə də yeni innovasiya qaydaları haqqında danışaraq tələbələri dərslərinə qarşı daha məsuliyyətli olmağa çağırıb. O, universitetdə təhsil müddətində onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə, universitetin daxili nizam- intizam qaydalarına düzgün riayət etməyə, dərslərini maksimum dərəcədə öyrənməyə və həmçinin bir- birilə yaxın dostluq münasibətləri qurmağa səsləyib.
Dekan S.Əhmədov tələbələrə bildirib ki, bu ildən etibarən tələbələrimiz elektron jurnal vasitəsilə müəllimlərin fəaliyyətini, davranışını qiymətləndirə biləcəklər. O, vurğulayıb ki, bu sistem tam şəffaflığa təminat verir. Tələbələr jurnalda yaradılan xüsusi pəncərəyə daxil olmaqla imtahan prosesinin gedişi və müəllimlər barədə sualları da cavablandıra biləcəklər.
Sözünə davam edən dekan yeni yaradılan “aralıq imtahanı” haqqında da tələbələrə geniş məlumat verib və bu imtahan prosesinin qayda- qanunlarını ətraflı izah edərək bildirib ki, bu üsulun tətbiq edilməsi ancaq və ancaq tələbələrin xeyrinədir.
Sonra dekan S. Əhmədov tədris zamanı tələbələrin üzləşdiyi bir sıra müxtəlif problemlərə də aydınlıq gətirib. Dekan tələbələrin bəzi suallarını o cümlədən, bəzi müəllimlərin onlara məcburi kitab satışı ilə bağlı şikayətlərini də cavablandırıb. Maraqlı təkliflərlə çıxış edən tələbələri diqqətlə dinləyən dekan qarşıda duran digər məsələlərə də toxunub.
Səslənən bütün problemlərin nəzərə alınacağını və öz həllini tapacağını söyləyən dekan tələbələrlə keçirilən bu görüşün çox maraqlı, eyni zamanda məhsuldar olduğunu qeyd edərək bildirib ki, gələcəkdə də belə görüşlərin davam etdirilməsi ümumi işimizin yalnız xeyirinədir .