Diş implantının damağa ziyanı yoxdur

Son illər ağız boşluğunda yaranmış qüsurların müalicəsində diş implantlarından geniş istifadə olunur. İmplant qoyduranların sayı artsa da, hələ də bu üsulun zərərli olması haqqında məlumatlar yayılır. Bəzi xəstələr çıxan protezlərin daha etibarlı və təhlükəsiz olduğunu hesab edirlər. Belə fikrlər səslənir ki, çıxan protezlər damağa daha az ziyan vurur.

 

Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Tofiq Mahmudov bu fikirlərin tibbi cəhətdən əsassız olduğunu deyir. Onun sözlərinə görə, çıxan protezlər damaq yatağına ciddi problem yarada bilər. Bəzən körpü formalı protezlər yerindən tərpənir, onun altına qida qırıntılar girir, çürümə verir və s. Amma əksinə, diş implantlarının damağa və sümüyə böyük xeyri olduğunu demək olar. İmplant sümüyün atrofiyasının qarşısını alır, çeynəmə zamanı sümüyə düşən yükün öhdəsindən rahatlıqla gəlir.

 

T.Mahmudov bildirir ki, implantların yerləşdirilməsi üçün yaş məhdudiyyəti yoxdur: Bizim xəstələr arasında aşağı çənəsinə 4 içplant yerləşdirdiyimiz 81 yaşlı insan var. Biz sadəcə pasiyentin maddi durumundan və çənə strukturundan asılı olaraq çıxan, yoxsa çıxmayan protezlər qoyulmasına dair qərar veririk”.

 

İmplantların qoyulması və tamamilə çənədə oturuşması bir neçə ay çəkir. İlk olaraq cərrahiyyə mərhələsində implant çənəyə yerləşdirilir. Bir neçə ay keçəndən sonra (bu müddət aşağı çənədə 2-3 ay, yuxarı çənədə 4-6 ay təşkil edir) üstündə protezləmə aparılır. Bəzən implntlarda müəyyən stabillik müşahidə olunduqda cərrahiyyə mərhələsi ilə birlikdə ortopedik müalicə də aparılır.

 

Həkim bildirir ki, implantların yerləşdirilməsindən sonrakı mərhələdə implantüstü protezlərin qoyulması üçün ölçü götürülür. Texniki mərhələ təxminən 7-10 gün ərzində aparılır. Protezlər bir neçə dəfə yoxlanılır. Əgər dişlər həm funksional, həm də estetik cəhətdən tələblərə cavab verirsə, onda implantüstü protez pasiyentlərə birdəfəlik təhkim edilir. T.Mahmudov xatırladır ki, adi dişlər kimi implantlara da vaxtaşırı qulluq göstərilməlidir və daim stomatoloqun nəzarəti altında olmalıdır.