Azərbaycan Tibb Universiteti (ATU) Fransanın ən nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq münasibətləri qurmaq niyyətindədir. Bu məqsədlə yaxın vaxtlarda Azərbaycan Tibb Universiteti Fransa səfirliyinin iştirakı ilə geniş təqdimat tədbiri keçiriləcək. Bu barədə ATU rəhbərliyi ilə Fransanın Azərbaycandakı səfirliyinin təmsilçiləri arasında keçirilən geniş tərkibli görüşdə razılıq əldə olundu.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd etdi ki, Fransa universitetləri ilə əməkdaşlıq məsələləri hələ il yarım bundan əvvəl səfirlikdə keçirilən görüşdə müzakirə obyekti olub. Həmin vaxt Avropa İttifaqının təşkilatçılığı ilə həyata keçirilən layihədə bu məsələlərə yer verilib. Lakin bəzi səbəblərdən ikitərəfli əməkdaşlığın qurulmasında problemlər yaşanır. Bunun da əsas səbəbi tələbələrin Fransa ali məktəblərinin onlara verdiyi imkanlardan xəbərsiz olması, bu sahəyə aid məlumatın az olması ilə əlaqəlidir:
“Hesab edirik ki, məhz Fransa universitetlərinin azərbaycanlı tələbələr, gənc həkimlər üçün yaratdığı imkanlar barədə bizim məlumatımız azdır. Bilirik ki, Marseldə, Tuluzada və Fransanın digər şəhərlərində azərbaycanlı həkimlər, tibb sahəsində təhsil alan gənclər təcrübə keçirlər. Biz bu əməkdaşlığı genişləndirmək istəyiriksə, həmin imkanlar haqqında daha çox bilgili olmalıyıq. Məsələn, bizim rezidentlər Avropanın bir sıra ölkələrində, xüsusilə də Almaniyada tibb sahəsində təhsillə əlaqədar yaxşı məlumatlıdırlar. Lakin Fransada olan imkanlar barədə informasiyamız yoxdur”. G.Gəraybəyli bildirib ki, bu məsələ ilə əlaqədar məlumatlandırma sessiyalarının keçirilməsinə ehtiyac var. Və Fransa səfirliyinin təşkilatçılığı ilə ATU-da geniş toplantının keçirilməsini təklif etdi.
Fransanın Azərbaycandakı səfirliyinin I müşaviri Dominik Janti də bu cür görüşün böyük faydası olacağını qeyd etdi. O, yaxın aylarda Tibb Universitetində Fransa ali məktəblərinin təklif etdiyi proqramlarla bağlı təqdimat sessiyasının təşkil olunmasının vacib olduğunu bildirdi. Diplomatik xidmətin nümayəndəsi qeyd edi ki, əməkdaşlığın təməlinin güclü qoyulması üçün bu haqda informasiyanın daha geniş çevrədə yayılması önəmlidir.
Görüşdə iştirak edən Fransanın Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri Yohan Şitterer vurğuladı ki, əməkdaşlıq çərçivəsində ATU ilə Fransanın müxtəlif universitetləri arasında müəyyən layihələrin icrasına dair sazişin imzalana biləcəyini də istisna etmir. O, İctimai səhiyyə fakültəsinin formalaşdırılması istiqamətində ATU-ya yardım göstərilə biləcəyini də qeyd etdi.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Nadir Zeynalov isə azərbaycanlı tələbələrin Fransada təhsil alması və təcrübə keçməsi üçün dil biliklərinin böyük əhəmiyyət daşıdığını bildirdi. Bu baxımdan, ATU-da tələbələr üçün fransız dilinin tədrisi məqsədilə xüsusi kursların yaradılmasının mümkünlüyünü də qeyd etdi. N.Zeynalov onu da vurğuladı ki, Azərbaycan Tibb Universiteti mütəmadi olaraq dünyanın müxtəlif universitetləri, o cümlədən Fransa ali məktəbləri ilə əlaqələr yaradır. Lakin birbaşa ikitərəfli münasibətlərlə yanaşı, həm də Erasmus proqramı çərçivəsində əməkdaşlıq daha faydalı ola bilər. Çünki bu proqram daha geniş layihələrin maliyyələşməsinə yardımçı ola bilər.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov da iştirak edirdi. Müzakirələrin sonunda bir daha qeyd olundu ki, hazırda Azərbaycan və Fransa universitetlərinin tələbələri və rezidentləri qarşılıqlı təcrübə proqramlarında işirak edirlər. Lakin bu cür təmasların sayının artırılmasına ehtiyac var.