ATU-nun Tədris Terapevtik Klinikasında da yay istehsalat təcrübəsi ilə bağlı yeniliklər müzakirə olunub.
Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev istehsalat təcrübəsinin müəyyən mənada tədrisin davamı olduğunu bildirərək bu sahədə tətbiq edilən dəyişikliklərin əhəmiyyətindən danışıb. İstehsalat təcrübəsi zamanı kafedra müdirləri ilə yanaşı baza rəhbərlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan prorektor qeyd edib ki, ölkə rəhbərinin xüsusi qayğısı ilə yaradılan tədris klinikaları ilk növbədə tələbələrə xidmət göstərməlidir: “ Çünki biz onlara görə buradayıq. 40-dan artıq kafedranın yerləşdiyi bu klinikalar tədris prosesini yüksək səviyyədə aparmaq, eləcə də tələbələrə praktiki vərdişləri öyrətmək üçün zəruru avadanlıqlarla təchiz edilib. Tələbələr mövcud imkanlardan yetərincə faydalanaraq ekstremal vəziyyətdə hər cür yardım göstərməyə hazır olmalıdır”.
Türkiyədə təhsil alıb gələn uzmanların ictimaiyyət tərəfindən aparıcı mütəxəssislər kimi qəbul edildiyini xatırladan S.Əliyev praktiki vərdişlərin qiymətləndirilməsi məsələsinə də toxundu.
Çıxışında tələbələrin haqlı şikayətlərinə də yer ayıran prorektor istehsalat təcrübəsinin yüksək səviyyədə aparılmasında müəllimlərin şəxsi keyfiyyətlərinin mühüm rol oynadığını da önə çəkərək yeni dəyişiklərlə bağlı tövsiyələrini verdi.
Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov hər bir yeniliyin, islahatın başlanğıcda bir qədər kövrək addımlara malik olduğunu, hətta bəyənilmədiyini deyərək yay istehsalattəcrübəsinin gündəlik tədrislə birbaşa birləşdirilməsinin zərurətdən meydana çıxdığını diqqətə çatdırdı. Xatırlatdı ki, kuratorların tələbələrə nəzarəti qənaətbəxş deyildi. Tələbələr isə yay praktikasında vaxt itirməkdən başqa heç nə qazana bilmirdilər. Bir neçə il əvvəl tərtib etdiyi vəsaitdə müasir tibb təhsilinin əsas prinsiplərinin şərh olunduğunu deyən professor həmin vəsaitdə bu gün müzakirəyə çıxarılan məsələyə də toxunulduğunu söylədi.
Terapevtik və pediatrik propedevtika kafedrasının müdiri, professor İbrahim İsayev başqa ali məktəblərdən fərqli olaraq Tibb Universitetində tələbələrin təkcə məzun kimi deyil, həm də praktiki fəaliyyətə hazırlandığını vurğuladı. O, kliniki kafedralarda tədris aparan bəzi müəllimlərin hazırlıq səviyyəsinin müasir tələblərə cavab vermədiyini əsas gətirərək onların pedaqoji fəaliyyətini istiqamətləndirmək üçün metodiki bilgilərini təkmilləşdirməyin vacibliyindən söhbət açdı.
Qeyd etdi ki, müəllim dərsə girərkən nədən başlamalı və necə qurtarmalı olduğunu bilməli, əvvəlcədən qarşıya qoyulan tezisləri yerinə yetirməlidir. Dərsin gedişində ortaya çıxan məsələlərə necə yanaşması isə müəllimin şəxsi bacarığından asılıdır. Praktiki təcrübə keçən tələbələrə klniki bazalarda fərqli münasibət göstərildiyini bildirən kafedra müdiri tədris terapevtik və onkoloji klinikalarda peşə təcrübəsi proqramının yerinə yetirilməsinə hər cür şərait yaradıldığını və bu münasibəti digər bazalardan da gözlədiklərini dedi.
İstehsalat təcrübəsi şöbəsinin müdiri, dosent Taryel İsmayılov bildirdi ki, istehsalat təcrübəsi müalicə fakültələrinin III kursunda orta tibb işçisi, IV kursunda ailə həkiminin köməkçisi, V kursunda isə həkim köməkçisi proqramı üzrə aparılır. Səhiyyə nazirinin əmrində baza kimi göstərilən klinika rəhbərlərinin də yeni qaydaların tətbiqində cavabdehlik daşıdıqlarını vurğulayan şöbə müdiri bəzi kafedralarda bu məsələyə məsuliyyətsiz yanaşıldığını da təəssüflə qeyd etdi. Eyni zamanda bütün çatışmazlıqlara baxmayaraq artıq tətbiqinə başlanılan yeniliklərin uğurla nəticələnəcəyinə əminliyini söylədi.