Oktyabrın 30-da Böyük Elmi Şuranın növbəti iclası keçirilib. Yığıncağı açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəliyi elan etdikdən sonra istehsalat təcrübəsi şöbəsinin müdiri, dosent Tariyel İsmayılovun 2017-2018- ci tədris ilində Azərbaycan Tibb Universiteti tələbələrinin istehsalat təcrübəsinin yekunlarına dair məruzəsi dinlənilib. Məruzəçi gələcək həkimlərin və əczaçıların hazırlığında istehsalat təcrübəsində qazanılmış biliklərin daha da dərinləşməsi və onların gələcək sərbəst fəaliyyətlərində istifadə edəcəkləri əməli vərdişldərin təməlinin qoyulmasında əsas şərt olduğunu önə çəkərək tədris proqramına əsasən tədris ilində müvafiq fakültə kurslarının tələbələrinin qış və yaz imtahan sessiyalarından sonra peşə təcrübəsi keçdiyini diqqətə çatdırdı.
T. İsmayılov 2017/2018-ci tədris ilində müvafiq fakültə və kurs tələbələrinin qış və yay imtahan sessiyalarından sonrakı peşə təcrübəsi haqqında ətraflı məlumat verərək qeyd etdi ki, tələbələri peşə təcrübəsinə göndərərkən Azərbaycan Respublikası Səhiyyə Nazirinin, həmçinin müvafiq kurslar üzrə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin əmrlərinə istinad edilmişdir.
Səhiyyə Nazirinin 2018- 2022-ci illər üçün nəzərdə tutulan əmrinə əsasən 11 elmi tədqiqat institutu, Bakı şəhərində fəaliyyət göstərən 10 gigiyena-epidemioloji xidmət müəssisəsi, 3 əczaçılıq müəssisəsi, Bakı şəhərindəki 67 müalicə-profilaktika müəssisəsi, Respublika ərazisində fəaliyyət göstərən 54 mərkəzi rayon xəstəxanası, Naxçıvan MR və respublika ərazisindəki şəhər səhiyyə şöbələrinin tabeçiliyində olan bütün tibb müəssisələri, ATU-nun tədris terapevtik və tədris cərrahiyyə, onkoloji və tədris stomatoloji klinikaları, həmçinin bir sıra özəl tibb müəssisələri təcrübə bazaları kimi tələbələrin istifadəsinə verilmişdir. Bu tədris ilində də Bərdə, Cəlilabad, Füzuli, Qazax, Qəbələ, Quba, Lənkəran, Siyəzən, Şamaxı, Şirvan, Zaqatala müalicə diaqnostika mərkəzlərindən, Neftçilər xəstəxanasından təcrübə bazası kimi istifadə olunmuşdur.
Səhiyyə Nazirinin əmrinə əsasən, Analitik Ekspertiza mərkəzi, «Dokta MMC», «Zeytun MMC» Respublika Epidemioloji mərkəzi, Toksikoloji referens laboratoriyası əczaçılıq fakültəsinin tələbələri üçün təcrübə bazası kimi istifadə olunmuşdur.
İstehsalat təcrübəsinin təşkili zamanı Səhiyyə Nazirliyinin tabeliyində olan ali və orta ixtisas tibb məktəblərində ixtisas üzrə təcrübənin keçrilməsi haqqında 146 saylı 30 oktyabr 2008- ci il tarixli əmrə və Nazirlər kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarı ilə təsdiq edilmiş əsasnaməyə riayət edilmişdir.
Şöbə müdiri istehsalat təcrübəsinin keçirilməsinə tədris hissəsinin rəhbərliyi ilə fakültə dekanlıqlarının, eləcə də aidiyyatı olan kafedralarn məsuliyyət daşıdığını söylədi: “2017-2018-ci tədris ilində 87 əməkdaş yay və qış peşə təcrübəsinin keçirilməsinə rəhbərlik etmişdir (2 nəfər professor, 15 nəfər dosent, 7 nəfər baş müəllim, 47 nəfər assistentlərdir). Hərbi Tibb fakültəsində 16 nəfər zabit heyəti dinləyicilərin ixtisas və qoşun təcrübəsinə rəhbərlik etmişlər”.
Yay peşə təcrübəsinin keçirilməsinə hazırlıq işləri tədris ili ərzində aparılmışdır. Belə ki, peşə təcrübəsinin yekunlarının kafedra iclaslarında müzakirəsi, rəhbərlərin növbəti tədris ilinə təqdim olunması barədə məktubların dekanlığa göndərilməsi, təcrübə bazalarının fakültə dekanları ilə bərabər müzakirə edilməsi, təcrübənin keçirilməsi üçün müvafiq normativ sənədlərin universitetin nəşriyyatında hazırlanması, rəhbərlər və tələbələr üçün yaddaş kitabçalarının tərtib edilməsi, müvafiq kurslar üzrə əmrlərin tərtibatı və digər təşkilati məsələlər vaxtından xeyli əvvəl başa çatdırılmışdır.
Sözünə davam edən məruzəçi bildirdi ki, keçən tədris illərində olduğu kimi, bu ilin aprel ayında da müalicə-profilaktika fakültələrinin III, IV, V kurs, tibbi-profilaktika fakülətsinin III-IV kurs tələbələri üçün qruplara sorğu anketləri paylanmış və tələbələr arzuladıqları rayonları bildirdikdən sonra əmr tərtib edilmişdir. İki müalicə-profilaktika fakültəsinin III kursunun 85 nəfər tələbəsi respublika rayonlarında, 61 xarici tələbə isə peşə təcrübəsini öz vətənlərində keçmək üçün şöbəyə müraciət etmişlər.
O, qeyd etdi ki, IV kurs tələbələrindən 155 nəfər təcrübəni respublikanın rayonlarında, 53 xarici tələbə isə öz vətənlərində keçmək üçün müraciət etmişlər. V kurs tələbələrindən 207 nəfər təcrübəni rayonda, 30 xarici tələbə öz vətənlərində keçməyi arzu etmişlər.
ATU-nun tədris stomatoloji klininkasının rəhbərliyi ilə bərabər tələbə çoxluğunu nəzərə alaraq növbəli qrafikin tutulması, bir sıra özəl tibb müəssisələri - «Diaqnoz», «Modern hospital», «İnternasional-2», «City hospital», «Health and Beauty», «Xəzər», «Medi Club» klinikaları ilə təcrübə keçmək məqsədilə qeyri-şərtsiz müqavilələrin bağlanması və digər məsələlər hazırlıq dövründə görülən işlərdir.
Onun sözlərinə görə, baza rəhbərləri, təcrübəyə rəhbərlik edəcək müəllimlərlə 29 iyun 2018-ci il tarixdə Tibb Universitetinin müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş, universitet rəhbərliyi tərəfindən peşə təcrübəsinin lazımı səviyyədə keçirilməsi üçün həmişə olduğu kimi müvafiq tövsiyələr müəllimlərin və baza rəhbərlərinin diqqətinə çatdırılmışdır.
“Keçən tədris ilində təcrübənin yekunlarının Böyük Elmi Şurada müzakirəsi zamanı şöbəyə bir sıra ciddi tapşırıqlar verilmişdir” - deyən natiq diqqətə çatdırdı ki, həmin iclasda hörmətli rektorumuzun verdiyi bir sıra göstəriş və tövsiyələr də bu hesabat məruzəsində öz əksini tapıb.
T. İsmayılov çıxışının sonunda dedi ki, rektorun tövsiyə və tapşırıqlarına əsasən 2018/2019-cu tədris ilində istehsalat təcrübələrini semestr ərzində keçirmək üçün sentyabr ayından hazırlıq işləri görülmüşdür. Belə ki, bütün fakültələrin istehsalat təcrübəsi keçən kursların qrup nümayəndələri, həmçinin istehsalat təcrübəsinə cavabdeh olan kafedra əməkdaşları və müvafiq dekanlıqlarla hər kurs üzrə görüş keçirilmişdir. Görüşdə tələbələrə yay istehsalat təcrübəsinin semestr ərzində keçirilməsinin üstünlükləri barədə məlumat verilmiş və onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır.
Məruzə ətrafında çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev, Tədris Terapevtik Klinikasının direktoru Samir Allahverdiyev, Tədris Stomatoloji Klinikasının direktoru Alqış Səfərov və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının direktoru Rauf Nağıyev hesabatı qənaətbəxş qiymətləndirərək tələbələrin peşə təcrübəsi ilə bağlı öz fikirlərini söylədilər. Natiqlər bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı müəyyən problemlərin də olduğunu bildirdilər. Onlar təcrübə zamanı müəllim-tələbə münasibətlərinin böyük əhəmiyyət daşıdığını və bu müddət ərzində vaxt itkisinə yol vermədən təcrübəyə ayrılan vaxtdan səmərəli istifadə etmək üçün bir sıra təkliflər irəli sürdülər.
Müzakirələrə yekun vuran rektor nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsinin əhəmiyyətinə diqqəti yönəldərək bu sahədə mövcud olan problemlərdən danışdı: “Hal-hazırda biz çox vacib bir mərhələyə keçirik və yaxud simvolik olaraq bir binanın tikintisinə başlayırıq. Təcrübə-analizlər onu göstərir ki, istər xaricdə, istər ölkə daxilində tələbələrimizin nəzəri bilikləri kifayət qədər güclüdür. Ancaq praktiki vərdişləri yetərincə deyil. Bu günlərdə tanınmış cərrahlarımızdan biri mənə dedi ki, cərrah ixtisası üzrə iki rezident vardı. Tanışlıqdan sonra onlardan birinə dedim ki, indi növbə sənindir, get yuyun gəl əməliyyata. O mənə təəccüblə baxdı və dedi ki, professor, mən heç bilmirəm necə yuyunmaq lazımdır. Özü də əlaçı tələbə idi. Təbii ki, VI kursu bitirən tələbənin ən azından praktiki vərdişlərdən xəbəri olmalıdır. Tələbə il ərzində ixtisas fənləri ilə yanaşı nəzəri biliklərini də təkmilləşdirməli və praktiki vərdişlərə yiyələnməlidir. Bütün bunlarla yanaşı praktiki vərdişlərin proqamı hər il dəyişməlidir.
İstehsalat praktikasını bu gün müzakirə edirik. Burda səsləndi ki, tələbələrimiz yayda Almaniyaya, Türkiyəyə gedir. Nə Almaniyada, nə də Türkiyədə yay praktikası anlayışı yoxdur. İstər proqram, istər şöbə seçimində buradan gedən tələbələr sərbəstdilər. Sadəcə olaraq, onlar müxtəlif klinikalarla danışıqlar aparır və onların hansı klinikada nə ilə məşğul olduğu da məlum deyil. Tədris proqramında bu gün praktika xüsusi yer tutur. Hacıtepe universitetinin cədvəlinə baxdıq. Orada böyük bir hissə praktikaya ayrılıb. Onlarda istehsalat təcrübəsi dərsin bir növüdür.
Yay semestrinin keçirilməsində bir sıra şirkətlər pozuntular etmişdir. Lakin çox təəssüf ki, bəzən tələbələrlə bağlanan müqavilənin şərtlərinə əməl olunmur. Müxtəlif kampaniyalar tərəfindən müqavilədə başqa şey vəd edilir, tələbələrə isə başqa şəraitli kllinikalar göstərilir. Bu da haqlı olaraq tələbələrin narazılığına səbəb olur. Şikayətlərdən məlum olur ki, onları aldadıblar. Biz universitetin tədris proqramını aparıcı universitetlərin tədris proqramlarına yaxınlaşdırmaq üçün bu addımı da atdıq. Şübhəsiz ki, bu semestrdə apardığımız islahatlar istədiyimizi tam əks etdirmir. Bunları 2019-cu ildə qəbul olunmuş yeni standartlara uyğun təkliflər paketini hazırlayaraq orada əks etdirəcəyik . Biz müəyyən mənada yeniliklər etmişik. Amma hələ də köhnə proqramlardan istifadə olunur.
Sözünə davam edən professor G.Gəraybəyli dedi ki, hər bir müəllim tələbəni tədris treninq mərkəzinə xüsusi bir prinsiplə yox, ümumi seçimlə aparmalıdır: “Burada da deyildi, tədris treninq mərkəzlərində heç kim müəllimə qadağa etmir ki, tələbəyə praktiki vərdişləri öyrətməsin. Təcili Tibbi Yardım Stansiyasında olan tələbələr mənə bildirdilər ki, orada çox səmərəli təcrübə keçiblər. Mən bu diqqətə görə stansiyanın direktoru Rauf müəllimə xüsusi təşəkkür edirəm. Biz klinikalarımızı əldə saxlamaq şərtilə belə bazaları itirməməliyik. Yəni yaxşı olardı ki, tələbələrimiz öz klinikalarımızda təcrübəni keçsin və digər bazalardan da istifadə etsin. Doğurdan da tələbələr bu bazalardan çox şey öyrənir.”
Bundan başqa istehsalat təcrübəsinə rəhbərlik edən kuratorlar haqqında danışan G.Gəraybəyli dedi: “Bəzən kuratorlar işi ona-buna tapşırır və yaxud məsuliyyəti şöbə müdirnin üzərinə atır, ya da tibb bacısı cavabdehdir deyir, müxtəlif bəhanələr söyləyirlər. Biz təhsil və səhiyyə nazirliklərinə təklif etməliyik ki, bu praktikanı aparan müəllim tədris yükündən azad olsun. O zaman biz müəllimdən tələb edə bilərik ki, tələbəni öyrədib, ya yox. Əgər istehsalat təcrübəsi tədrisin bir növüdürsə, onda bu dərsi öyrədən də bir müəllim olmalıdır. Bəzən tələbə bir həftə yalnız praktika ilə məşğul olur. Yəni praktika keçirilən dərsin bir növüdür. Hesab edirəm ki, həmin problem rezidenturada da var. Əgər biz başqa universitetlərdən fərqli olaraq praktikanı dərs hesab ediriksə, onda həmin müəllimin də əməyi dəyərləndirilməlidir. Digər universitetlərdə magistiratura və yaxud bakalavr pilləsi var. Əgər bunlara dərs deyən müəllimlərə saat yazılırsa, bu niyə rezidenturada da müəllimlərə şamil edilməsin. Şübhəsiz ki, belə təklifləri düşünüb müvafiq nazirliklər qarşısında məsələ qaldırmaq olar. O zaman istehsalat təcrübəsində kurator xüsusi cavabdehlik daşıyacaq və işinə məsuliyyətlə yanaşacaq”.
Müxtəlif məsələlərə də toxunan universitetin rəhbəri bal reytinqinin qiymətləndirilməsi işinin yaxşı nəticə verdiyini də vurğuladı. Bundan başqa bu günlərdə uşaq cərrahlığı kafedrasının məsləhətçi-professoru Çingiz Quliyevin müəllifi olduğu 500 nüsxə dərs vəsaitini universitetin əsaslı kitabxanasına hədiyə etdiyini də diqqətə çatdırdı və elmi şuranın üzvləri adından ona minnətdarlıq etdi.
Sonra şura üzvləri müzakirəyə təqdim edilmiş gizli rəyin nəticəsi müsbət olan, düzəlişlərə ehtiyac olmayan və gizli rəyin nəticəsinə görə, düzəlişlər edildikdən sonra dərc oluna bilən dərs vəsaiti, metodik vəsait və tədris proqramlarının əlyazmalarını təsdiqlədi.
Sonda Rüxsarə Əliyevanı uşaq yeniyetmələr və əmək gigiyenası kafedrasının məsləhətçi- professoru seçən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.