Oktyabrın 31-də İctimai Nəzarət Şurasının üzvləri ilə ATU-nun müəllim və tələbə heyətinin görüşü olub. Tədbiri giriş sözü ilə açan ATU-nun əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva çalışdığı universitetin ölkənin aparıcı ali təhsil ocaqlarından biri olduğunu və bu universitetin gələcəyin ziyalı ordusunu yetişdirdiyini nəzərə alaraq, bu kimi tədbirlərin universitetdə təşkil olunmasının əhəmiyyətinə toxunub. Sözü çıxış üçün ölkədə fəaliyyət göstərən 710 QHT-ni özündə birləşdirən Azərbaycan Milli Qetri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyniyə verib. “Müasir Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusunda çıxış edən R.Zeyni tədbirin keçirilməsinə şərait yaratdığına görə, universitetin rektoru, professor Gəray Gəraybəyliyə, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımova təşəkkürünü bildirib. Qeyd edib ki, vətəndaş cəmiyyətinin formalaşmasında əsas prioritet kimi insan hüquq və azdlıqlarının qorunması dayanır. O, ulu öndər Heydər Əliyevin bu məsələyə ciddi önəm verdiyini və məhz onun rəhbərliyi altında Azərbaycan Konstitusyasına insan haqlarının qorunması ilə bağlı bir sıra maddələrin salındığını qeyd edib: “Amma çox təəssüf ki, dövlətin ayrı-ayrı strukturlarında çalışan bəzi vəzifəli şəxslər qanunlara riayət etmir, vətəndaşlara tanınan hüquqaları kobud şəkildə pozurlar. “ Cənab Prezident İlham Əliyev çıxışları zamanı dəfələrlə qeyd edib ki, vəzifəli şəxslərin, o cümlədən dövlət məmurlarının fəaliyyətinə ictimai nəzarət lazımdır. Biz də Şuranın üzvləri kimi bu nəzarəti təkbaşına etmək imkanlarına malik deyilik. Ona görə ictimai dəstəyə və məhz sizlərin dəstəyinə böyük ehtiyacımız var. Cəmiyyətdə yaşanılan hər bir hüquq pozuntularına ictimai təpki olmalıdır ki, qarşılaşacağımız neqativ halları tez bir zamanda aradan qaldıra bilək.”
R.Zeyni ictimai təşkilatlar tərəfindən təşkil edilən, ölkənin elmi və ictimai həyatı üçün əhəmiyyət kəsb edən bir sıra tədbirlərin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstək Şurası və Gənclər Fondu tərəfindən dəstəkləndiyini qeyd edib. Müəllim və tələbələrə dövlətin yaratdığı bu şəraitdən maksimum yararlanmağı tövsiyə edib.
Sonra “İki sahil “qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə çıxış edib. O, mətbuatın vətəndaş cəmiyyətinin inkişafında danılmaz rolundan söhbət açıb. Məhz ulu öndərin tapşırığı ilə mətbuatda senzuranın ləğv edilməsinin və bunun söz və ifadə azadlığının inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Amma təəssüf ki, bəzi KİV nümayəndələri onlara verilmiş ifadə və söz azadlığından sui-istifadə edərək dezinformasiyalar yayamaq, ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Bu tipli KİV nümayəndələrinə və KİV-lərə qarşı tərəfimizdən tədbirlər görülür və görülməkdədir. Biz vətəndaş cəmiyyətində fəallığın artırılması istiqamətində lazmi maariflənmə işlərini aparırıq ki, gələcəkdə neqativ hallara qarşı apardığı mübarizə lazımi nəticəsini versin”.
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli də öz çıxışında vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində QHT-lərin və özünün üzv olduğu Şuranın apardığı mübarizədən söhbət açıb. Cəmiyyətdəki neqativ, korrupsiya, bürokratiya və s. hallara qarşı mübarizədə cəmiyyətin passivlik nümayiş etdirdiyini təəssüf hissi ilə qeyd edib. Tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, üzləşdikləri qanunsuzluqlara qarşı seyrçi münasibət bəsləməsin, dərhal lazımi orqanlara və cümlədən bu istiqamətdə fəaliyyət göstərən QHT-lərə müraciət etsinlər: “Yəqin mətbuatdan da izləyirsiniz, hansısa vətəndaşın hüququ pozulanda onların yanında insan hüquqlarının qorunması ilə məşğul olan QHT-lər dayanır.”
Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov cəmiyyətin inkişafı üçün əhəmiiyyət kəsb edən belə bir tədbirin ATU-da keçirilməsinin təşəbbüskarı olduqları üçün Şuranın üzvlərinə minnətdarlığını bildirib. Son illər universitetdə aparılan islahatların olduqca şəffaf şəkildə həyata keçirildiyini qeyd edib. Cəmiyyətdə neqativ halların hələ də qaldığından təəssüflənən C.Qasımov bu istiqamətdə lazımi səviyyədə mübarizənin aparılmasına ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, mövzu iştirakçılar tərəfindən geniş diskussiya olunub, müəllim və tələbələrin verdikləri suallar ətraflı cavablandırılıbdır.