Azərbaycan Tibb Universitetində (ATU) mindən çox əcnəbi tələbə təhsil alır və onlar arasında İrandan olanlar üstünlük təşkil edir. Bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Ərdəbil Tibb Elmləri Universitetinin nümayəndə heyəti ilə görüşündə bildirib.
Qonaqlarla görüş zamanı professor G.Gəraybəyli ATU ilə İrandakı ali məktəblər arasında əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu bildirdi. Bu baxımdan, Ərdəbil Tibb Elmləri Universiteti ilə də münasibətlərin başlanğıcının qoyulmasından məmnun olduğunu söylədi.
Rektor Gəray Gəraybəyli ATU-nun ölkəmizdə ixtisaslaşmış tibb təhsili verən yeganə ali müəssisə olduğunu qeyd etdi. Rektor ATU-dakı təhsil və tədris prosesi, yeni yaradılan fakültələr, son illər aparılan islahatlar, qarşıdakı hədəf və planlar haqqında məlumatları açıqladı.
ATU-nun beynəlxalq işləri üzrə prorektoru Nadir Zeynalov ATU-nun nəzdində fəaliyyət göstərən klinikalar, burada həm tədris, həm də müalicə işinin yüksək səviyyədə aparılması haqqında qonaqlara ətraflı məlumat verdi. ATU-nun beynəlxalq əlaqələrindən danışan prorektor qeyd etdi ki, İran universitetləri ilə tələbə mübadiləsi və digər sahədə qarşılıqlı əlaqələr digər ölkələrə nisbətən zəifdir. Odur ki, eyni regionda və bizimlə demək olar eyni dili paylaşan Ərdəbil Tibb Elmləri Universiteti kimi bir ali məktəblə münasibətlərin inkişafına tələbat var.
Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Ghodrat Axavan-Akbari İranda səhiyyə sistemi, tibb təhsili verən ali məktəblər haqqında ümumi məlumatı çatdırdı. Həmçinin, rəhbərlik etdiyi Ərdəbil Tibb Universitetinin təhsil sistemi, universitetin strukturu barədə təfərrüatları açıqladı. Qeyd etdi ki, rəhbərlik etdiyi alim məktəbdə 3400-ə yaxın tələbəsi var. Altı fakültəsi olan bu universitetin Ərdəbildən kənar iki vilayətdə də binası, 20 laboratoriyası var. Burada tələbələr müalicə, əczaçılıq, tibb bacısı, stomatologiya və beynəlxalq fakültələrdə təhsil alırlar. Universitetdə beynəlxalq standartlara uyğun səviyyədə təhsil verilir.
Prorektor Masood Entezariasl Ərdəbil Tibb Elmləri Universitetinin fəaliyyəti ilə bağlı qısa təqdimat da keçirdi. Qonaqlar ATU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını, ilk mərhələdə bunun qarşılıqlı elmi tədqiqat işləri ilə bağlı aparıla biləcəyini bildirdilər. Sonrakı mərhələlərdə Azərbaycan Tibb Universiteti və Ərdəbil Tibb Elmləri Universiteti arasında tələbə mübadiləsi, daha sonra isə Azərbaycandan tələbə qəbulunun mümkün ola biləcəyi vurğulandı. Qeyd olundu ki, Ərdəbildə danışıq dili Azərbaycan dilinə çox yaxın olduğundan, qarşılıqlı təmaslarda problem yaranmayacaq.
Görüşün sonunda Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Ghodrat Axavan-Akbari başda professor Gəray Gəraybəyli olmaqla ATU rəhbərliyini Ərdəbilə dəvət etdi. Professor G.Gəraybəyli bu görüşün gələcək əməkdaşlığın təməli olacağından əminliyini bildirdi.
Görüşdən sonra İrandan gələn qonaqlar ATU-nun klinikalarını ziyarət ediblər.