ATU tələbələri pulsuz müayinə olunacaq
Yeniyetməlik dövründə bir çoxlarının üzündə sızanaqlar müşahidə olunur. “Akne” adı verilən bu xəstəlik bəzən uzun illər davam edir, müəyyən səbəblərdən yaşlı vaxtda da insanları narahat edir. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən seminar da məhz bu mövzuya həsr olunub.
Universitetin dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov haqqında bəhs olunan xəstəliyin gənclər üçün daha aktual olduğunu bildirib: “Akne xəstəliyi irsi xarakter daşıyır. Dərinin normadan artıq yağlanması və hormonlarla bağlı olan bir xəstəlik əsasən gənclərdə təsadüf olunur. 12-25 yaş arası gənclərin demək olar 85 faizində sızanaqlara rast gəlmək mümkündür”.
Elşad Novruzov qeyd edib ki, akne xəstəliyinə universitet tələbələri arasında da rast gəlindiyindən, bu seminarın təşkilinə ehtiyac yaranıb. Maarifləndirmə xarakterli seminarda E.Novruzov akne xəstəliyinin mahiyyəti, profilaktikası, müalicə metodları haqqında danışıb. Akne ilə üzləşən gənclərə vaxtında həkim – dermatoloqa müraciət etmələri tövsiyə olunur. Sonda qeyd olunub ki, Tədris Cərrahiyyə Klinikasında ATU tələbələri üçün akne ilə bağlı pulsuz müayinə aparılır.