“Disfunksiyalar qadınlarda son illərdə tez-tez təsadüf olunan patologiya hesab edilir. Disfunksiya - aybaşı dövrünün pozulması deməkdir. Buraamenoreyalar və oliqomenoreyalar aiddir”. Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının assistenti Zərifə Hüseynova belə deyir.
Disfunksiyanın yaratdığı fəsadlar barədə danışan Z. Hüseynovanın sözlərinə görə, amenoreyalar I-li və II-li olur. I-li amenoreyalar aybaşının heç olmaması deməkdir: “Bu ən çox yeniyetmə qızlarda və qadınlarda müşahidə olunur. Adətən infantil (cinsiyyət üzvlərininin inkişafından qalması) bədən quruluşuna malik qadınlarda təsadüf edilir. II-li amenoreyalar isə aybaşının ən azı 6 ay müddətində olmadığı hallar hesab olunur. Bu zaman hamiləliyin mövcud olub-olmadığını təyin etmək mütləqdir. Bunun üçün ginekoloji müayinə aparmaq lazımdır. II-li maenoreyalar iltihabi xəstəliklərdən sonra, müxtəlif stress amillərinin təsiri, çoxsaylı abortlarla əlaqədar ola bilər”.
Zərifə Hüseynova bildirir ki, I-li amenoreyalar isə əsasən yumurtalıqların anadangəlmə funksiyasının zəif olması ilə əlaqədardır. Həmçinin, burada qalxanabənzər vəzin rolunu da qeyd etmək lazımdır. Amenoreyada qadınlarda baş ağrısı, əsəblilik, halsızlıq, yorğunluq və s. müşahidə olunur. Zamanında və düzgün müalicə almadıqda, müxtəlif fəsadlara gətirib çıxarır. Bunlardan ən ciddisi I-li və II-cili sonsuzluqdur.