ATU-da ilk dəfə olaraq aralıq qiymətləndirmə imtahanları aparılır

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli sözügedən ali təhsil ocağının İmtahan Mərkəzində keçirilən aralıq qiymətləndirmənin gedişatı ilə tanış olub.

 

Rektor G. Gəraybəyli prosesə nəzarət edib, işçi heyəti ilə birgə imtahanı izləyib. İmtahan bitdikdən sonra isə tələbələrlə söhbət edib, onların fikirləri ilə maraqlanıb. Rektor aralıq qiymətləndirmə metodunun bu ildən etibarən ilk dəfədir ki, I kurslar üçün keçirildiyini bildirib. O, imtahanda iştirak edən tələbələrə uğurlar diləyib.

 

ATU-nun əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov imtahan barədə məlumat verib. Qeyd edib ki, 30 qrup I müalicə-profilaktika, 19 qrup II müalicə-profilktika, 19 qrup stomatologiya, 13 qrup əczaçılıq, 4 qrup ictimai səhiyyə, 3 qrup hərbi-tibb fakültəsinin I kursunda təhsil alır: “Əmrə düşən tələbə sayı 1238 nəfərdir. I müalicə-profilaktika fakültəsində 6, II müalicə-profilktika fakültəsində 5, ictimai səhiyyə fakültəsində 6, hərbi-tibb fakültəsində 5, stomatologiya fakültəsində 7, əczaçılıq fakültəsində isə 8 fənndən tələbələr aralıq qiymətləndirmədə iştirak edirlər. Kompüterlərin sayını nəzərə alaraq, gün ərzində 6 dəfə - 8:30, 9:20, 10:30, 11:20, 12:30, 13:20-də tələbələr, hər dəfə 220 tələbə olmaqla aralıq qiymətləndirmədə iştirak edir. Bunlardan insan anatomiyası, tibbi terminologiya, tibbi biologiya və genetika, ümumi histologiya, embriologiya və sitologiya, ümumi kimya fənnindən, eləcə də biofiziki və bioüzvi kimya fənnlərindən gizli suallar olub”.

 

K. Yaqubov bildirib ki, tələbələr yarım saat ərzində 20 suala cavab veriblər. Bu suallar tələbələrin sırf bu semestrdə keçdikləri dərslər əsasında tərtib olunub: “Aralıq imtahanları bitdikdən sonra tələbələrin qiymətləri artıq eletron jurnala köçürülür. Tələbənin özü, qrup nümayəndəsi və fakültə rəhbərliyi həmin qiymətləri yoxlaya bilirlər”.