Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Xroniki obstruktiv ağciyər xəstəliyi ilə mübarizə gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə klinikanın baş həkimi assistent Fəridə Hacıyeva açılış nitqi ilə çıxış edərək bu cür maarifləndirmə xarakterli tədbirlərin əhəmiyyətindən danışdı. Baş həkim Fəridə Hacıyeva bildirdi ki, ayrı-ayrı xəstəliklərə dair tarixlərin qeyd olunması dünya ictimaiyyətinin bu məsələyə diqqətini artırmaq məqsədini daşıyır. Bu baxımdan, həmin günlərin tibb təhsil müəssisələrində qeyd olunması həm rezidentlər, həm də tələbələr üçün faydalıdır.
Daha sonra klinikanın Pulmonologiya & Allerqologiya şöbəsinin pulmanoloqu, assistent Əlizamin Sadıqov xəstəliyin əlamətləri, yayılması səbəbləri, qorunması yolları, müalicəsi barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Xroniki obstruktiv ağciyər xəstəliyi dünyada yayılma səviyyəsinə görə ağciyər xəstəlikləri arasında ən birincilərdəndir:
“Xəstəliyin ən əsas səbəbi siqaret çəkməklə bağlıdır. Son illər inkişaf etməkdə olan ölkələrdə əhali arasında siqaret çəkmənin indeksi çoxalır. Həkimlər daim insanlar arasında tütün məmulatlarının ziyanına aid maarifləndirmə aparırlar. Təəssüf ki, hələ də siqaret çəkənlərin sayı çoxdur. Xroniki obstruktiv ağciyər xəstəliyi çox geniş yayılmış bir patalogiyadır. Bu xəstəlik hətta bəzi hallarda ölümlə nəticələnə bilər”.
Qeyd olundu ki, Xroniki obstruktiv ağciyər xəstəliyi zamanı nəfəsalma çətinləşir, təngnəfəslik müahidə olunur. Bu xəstəlik tam müalicə olunmur, lakin düzgün müalicə ilə onun inkişafını zəiflətmək mümkündür. İlkin olaraq siqaretdən imtina etmək lazımdır. Son 10 ildə dünyada bu xəstəlikdən ölüm sayı 30 faiz artıb. 2015-ci ildə Xroniki obstruktiv ağciyər xəstəliyindən ölənlərin sayı 3 milyondan artıq olub.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklə mübarizə istiqamətində apardığı maarifləndirmə işləri barədə də məlumat verildi.