Noyabrın 21-də “Pulman” Hotelində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı, Azərbaycan Tibb Assosiasiyasının Revmatologiya Dərnəyinin iştirakı ilə “Osteoartroz, bel ağrıları, revmatoid artrit və podaqra xəstələrində ağrının korreksiyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə tibb elmləri doktoru, professor Eldar Abbasov açaraq iştirakçıları salamlayıb. Onlara bu konfransda iştirak etdikləri üçün öz adından və sadərət adından təşəkkürünü bildirib.
Sonra çıxış üçün söz Azərbaycan Tibb Assosiasiyasının Revmatologiya Dərnəyinin sədri, tibb üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Sahib Musayevə verilib. Onun “Revmatoid artrit və podaqranın patogenezi və müalicə prinsipləri” mövzusunda etdiyi çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən revmotoloqlar S.Musayevə çoxsaylı suallar veriblər. Professor öz növbəsində ona ünvanlanan suallara hərtərəfli və əhatəli şəkildə cavab verib.
Məruzəçilərdən professor Eldar Abbasovun“Osteoartrozun patogenezi, konservativ müalicəsi və ağrının korreksiyası”, “Mediklub” Klinikasının alqoloqu Ramin Tahirzadənin “Ağrıların multidissiplinar müalicəsi”, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi Mərziyyə Məmmədovanın “Bel ağrıları, təsnifat və differensial diaqnostika” mövzusunda etdikləri çıxışlar da iştirakçıların marağına səbəb olub.
Qeyd edək ki, məruzəçilər son illər səhiyyə elminin revmatoloji və travmotoloji sahədə qazandığı uğur və son nailiyyətlərlə də bağlı konfrans iştirakçılarına ətraflı məlumat veriblər.
Professor Sahib Musayev konfranssonu “Təbib” qəzetinə verdiyi açıqlamaya görə, konfarnsda 220 nəfərin iştirak edib: “Bu gün İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı, Azərbaycan Tibb Assosiasiyasının Revmatoloqlar Dərnəyinin, Azərbaycan Tibb Universitetinin aparıcı professor-müəllim heyətinin iştirakı ilə olduqca möhtəşəm bir konfrans - revmatoloji və travmotoloji elmi-praktik konfransı keçirildi. Konfransın əsas özəlliyi ondan ibarət idi ki, iştirakçıların böyük əksəriyyəti bölgələri təmsil edirdilər. Paytaxtda çalışan həkimlərə nisbətən əyalətlərdə çalışan həkimlər tibbi biliklərini artırmaq üçün bir qədər məhdudiyyətlə üzləşdiklərindən, bu konfransın keçirilməsinin əhəmiyyəti olduqca böyük oldu.Həkimlərimiz daxili xəstəliklərin korreksiyasında ağrı sindromunun diaqnostik meyarları və aradan qaldırılması yolları barəsində geniş məruzələrlə çıxış etdi və bu ətrafda geniş disskusiyalar aparıldı.” - deyən S.Musayev sözünün sonunda keçirilən bu konfransın revmatoloji, travmotoloji, nevroloji sahədə problemlərin həlli istiqamətində həkimlərin biliklərinin artırılmasında mühüm rol oynayacağını vurğuladı.