Azərbaycan Tibb Universitetinin (ATU) Azərbaycan dili kafedrasının dosenti Dürdanə Rəhimzadə Türkiyədə keçirilən müxtəlif tədbirlərdə iştirak edib. D. Rəhimzadə həm Antalyada keçirilən XV Araşdırma Yöntəmləri Seminarında iştirak edb, həm də İstanbulda Gənc Azərbaycanlılar Dərnəyinin toplantısında “Türk-Azərbaycan dil əlaqələri” mövzusunda mühazirə oxuyub.
Yanvarın sonu, fevralın əvvəlində Antalyada keçirilən “XV Araştırma Yöntemleri Seminarında müxtəlif mövzularda müzakirələr təşkil olunub. Tədbirdə hər bir sahəyə uyğun dünya miqyaslı nüfuzlu mütəxəssislər iştirak ediblər. ATU-nun təmsilçisi Dürdanə Rəhimzadə “Akademik writing” seminarında iştirak edib. Burada seminar iştirakçıları impakt faktoru yüksək olan nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etməyin xüsusi qaydaları ilə tanış olublar. Qeyd olunub ki, bu jurnallar göndərilən məqalələrə çox yüksək tələblər qoymaqla yanaşı, məqalənin düzgün tərtibatına xüsusi önəm verir və məqalənin qəbulu çox zaman bu qaydalara nə dərəcədə riayət olunmasından asılı olur. Seminarda məqalənin başlığına, abstrakt hissəsinin tərtibinə verilən tələblər təhlil edilib, açar sözlərin düzgün seçilməsi, “introduction” hissəsinə verilən tələblər, sitatların düzgün verilmə qaydası, ədəbiyyat siyahısı tərtibinin beynəlxalq tələbləri ətraflı izah edilib.
Fevralı 4-5-də D.Rəhimzadə İstanbulda Gənc Azərbaycanlıar Dərnəyinin qonağı olub, burada yaşayan soydaşlarımız, həmçinin Azərbaycana maraq göstərən əcnəbi vətəndaşlarla görüşüb. Görüşdə ATU təmsilçisi “Azərbaycan-türk dil əlaqələri” mövzusunda mühazirə oxuyub.
Növbət günlərdə D.Rəhimzadə Ankarada Qazi Universitetinin TÖMER (Türkçe Öyretim Merkezi) bölməsində qonaq olub və türk dilinin əcnəbilərə tədrisi metodikası ilə tanış olub.
Qeyd edək ki, dosent Dürdanə Rəhimzadə bundan əvvəl də beynəlxalq tədbirlərdə iştirak edib. İsveç, Polşa, Rumıniya, Türkiyə və digər ölkələrdə beynəlxalq konfrans, qurultay, simpozium və konfranslarda məruzələrlə çıxış edib.